Almaniyanın xarici işlər naziri Annalena Berbok və fransalı həmkarı Jan-Noel Barrot Avropa İttifaqı adından danışıqlara başlamaq üçün Suriyaya səfər ediblər. Bu, Avropa İttifaqı tərəfindən Suriyadakı hazırkı hakimiyyətlə xarici işlər nazirləri səviyyəsində ilk səfərdir.
Almaniya Xarici İşlər Nazirliyi xəbər verir ki, səfər çərçivəsində Suriyada hazırkı hakimiyyətin rəhbəri Əhməd əş-Şara və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçiriləcək.
Annalena Berbok səfərlə bağlı açıqlamasında Suriyada siyasi mühitin canlanması, sülhsevər iqtidarın formalaşması, sosial transformasiya prosesində ölkənin və cəmiyyətin dəstəklənməsi, qadın-kişi, etnik və dini fərqliliklərə baxmayaraq, cəmiyyətdə bütün şəxslərə bərabər hüquqların təmin olunması məsələlərinin diqqət mərkəzində olduğunu vurğulayıb. “Almaniya və Avropa İttifaqı üçün Suriyanın suverenliyi və ərazi bütövlüyü ölkədə yeni və əhatəli siyasi nizamın təmin edilməsində mühüm əhəmiyyət daşıyır. Almaniya və onun beynəlxalq tərəfdaşları da Suriyada daxili nizamın kənardan təsirə məruz qalmamasını təmin etməkdə qətiyyətlidir”, - deyə nazir qeyd edib. (AZƏRTAC)