Son on il ərzində İsveç polisinin büdcəsi iki dəfə artaraq 20 milyard krondan 40 milyard krona (1,8 milyard dollardan 3,6 milyard dollara) çatıb, şəxsi heyət isə 12 min yeni əməkdaşla tamamlanıb. Bununla yanaşı, cinayətkarlıqla mübarizə üçün yeni qanunlar və alətlər tətbiq edilib. Lakin cinayətlərin açılmasında gözlənilən artım baş vermədi.
AZƏRTAC xəbər verir ki, artan bürokratiya və daxili problemlər polis əməkdaşlarının işini çətinləşdirir.
İsveç Cinayətkarlığın Qarşısının Alınması Şurasının məlumatına görə, zorakılıq, zorlama və uşaqlara qarşı cinayətlər kimi ağır cinayətlər də daxil olmaqla, üstü açılmış cinayətlərin sayı dəyişməz olaraq qalır. Polisin fikrincə, daxili bürokratiya əməliyyat üçün ciddi maneəyə çevrilib. Polisdən bir-biri ilə ziddiyyət təşkil edən və qərarların qəbulunu çətinləşdirən 589 daxili qaydalara riayət etməsi tələb olunur. Sürətin olmamasının digər səbəbi siyasətçilərin sürətli nəticələr tələb etməsidir ki, bu da polisi əsas vəzifəsindən - cinayətkarlıqla mübarizədən yayındıran yoxlamaların və hesabatların sayının artmasına səbəb olur.
Polis əməkdaşları etiraf edirlər ki, “inzibati tələlər” onların işini ləngidir. Sorğular göstərir ki, polis əməkdaşlarının yarıdan çoxu bu problemlərin onların peşədə qalmaq istəyinə təsir etdiyini hesab edirlər. Polis rəhbərliyi problemlərin mövcud olduğunu etiraf edir. Yeni polis rəisi Petra Lund əməkdaşların işini sürətləndirmək üçün daxili prosedurların sadələşdirilməsi təşəbbüsü ilə çıxış edib. Daxili reqlamentlərə yenidən baxılması üçün də genişmiqyaslı kampaniyaya start verilib.
İslahatların vəziyyətin yaxşılaşmasına kömək edib-etməyəcəyi hələ tam aydın deyil. Lakin ekspertlər vurğulayırlar ki, real dəyişikliklər üçün təkcə bürokratiyanın azaldılması deyil, həm də idarəetmə və resursların bölüşdürülməsinə yanaşmaların nəzərdən keçirilməsi tələb ediləcək.