ABŞ Suriyanın şimalında, Hələb vilayətində baş verən son hadisələri diqqətlə izləyir. Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Şon Savett deyib. Məlumatı “Anadolu” verib.
Onun sözlərinə görə, mövcud vəziyyətlə əlaqədar ABŞ region ölkələrinin hökumətləri ilə əlaqə saxlayır: “Əsəd rejiminin BMT Təhlükəsizlik Şurasının 2254 saylı sənədində göstərilən siyasi prosesdə iştirakdan davamlı imtina etməsi və onun Rusiya və İrandan asılılığı Suriyanın şimal-qərbində Əsəd rejimi qüvvələrinin dağılması da daxil olmaqla, hazırkı şəraiti yaradıb”.
“ABŞ-nin terror təşkilatı olan “Heyət Təhrir əş-Şam”ın (HTS) rəhbərlik etdiyi bu hücumla heç bir əlaqəsi yoxdur”, - Savett əlavə edib. Vaşinqton tərəfdaşları və müttəfiqləri ilə birlikdə Suriyada gərginliyin azaldılması və vətəndaş müharibəsinin dayandırılmasına yönəlmiş siyasi prosesi dəstəkləyir.
Suriyanın şimal və şimal-qərbində yerləşən Hələb və İdlib əyalətlərində Bəşər Əsəd rejimi qüvvələri ilə “Heyət Təhrir əş-Şam” qruplaşması arasında təxminən 5 gündür qarşıdurmalar davam edir.
P.ƏMİRCANOV
XQ