Trampın komandası Ukrayna müharibəsinə son qoymaq üçün plan hazırlayır

post-img

ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn respublikaçı Donald Trampın komandası Ukrayna münaqişəsinin həlli üçün yeni plan hazırlayır.

AZƏRTAC xəbər verir ki, “The Wall Street Journal” nəşri bu barədə Trampın komandasının üzvlərindən birinə istinadla məlumat yayıb.

“Biz ukraynalı hərbçilərə təlim keçə və ya başqa formada dəstək verə bilərik, lakin silahı Avropa verməlidir. Biz amerikalıları Ukraynada sülhü dəstəkləmək üçün göndərmirik və buna pul ödəmirik. Polyakları, almanları, britaniyalıları və fransızları buna məcbur edin”, - deyə nəşr komandanın üzvündən sitat gətirib.

Qəzetin yazdığına görə, Donald Trampın müşavirləri Ukraynada cəbhə xətti boyunca 1,3 min kilometrlik demilitarizasiya zonası yaratmaq istəyirlər, lakin ABŞ öz sülhməramlı qüvvələrini oraya göndərməyəcək. Eyni zamanda, Ukrayna azı 20 il NATO-ya üzv olmamaq barədə öhdəlik götürməlidir. Bunun müqabilində Vaşinqton gələcəkdə müharibənin yenidən başlamasının qarşısını almaq üçün Kiyevə silah verəcək.

Xatırladaq ki, Birləşmiş Ştatlarda keçirilən seçkilərin rəsmi nəticələri hələlik açıqlanmasa da, Donald Tramp artıq özünü ABŞ-ın 47-ci prezidenti elan edib.

Dünya