Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin Ukrayna münaqişəsinin həlli istiqamətindəki səylərini yüksək qiymətləndirib və danışıqlar prosesinin qurulmasında Ankaranın əhəmiyyətini vurğulayıb. O, bu sözləri noyabrın 1-də “Hürriyyət” qəzetinə müsahibəsində deyib. Məlumatı “İzvestiya.ru” verib.
“Biz Türkiyənin Ukrayna böhranının həllinə kömək etmək səylərini yüksək qiymətləndiririk. Məhz Türkiyə tərəfi 2022-ci ilin yazında Kiyev nümayəndələri ilə məsləhətləşmələr üçün İstanbul platforması təqdim edib və “taxıl müqaviləsi”nin bağlanmasına töhfə verib”, - Lavrov bildirib.
Onun sözlərinə görə, Qərb Kiyevə döyüşləri dayandıra biləcək və iştirak edən tərəflərin maraqlarının tarazlığını təmin edə biləcək sazişlər bağlamağı qadağan edəndən İstanbul danışıqları “dəfn olunub”.
O, Moskvanın siyasi nizamlanmaya açıq olduğunu da xatırladıb.
P.ƏMİRCANOV
XQ