İqtisadiyyat üzrə Nobel mükafatçıları

post-img

İqtisadiyyat üzrə 2024-cü ilin Nobel mükafatı laureatları ABŞ iqtisadçıları Daron Əcəmoğlu, Saymon Conson və Ceyms Robinsondur. Qaliblər oktyabrın 14-də Stokholmda İsveç Kral Elmlər Akademiyasının Nobel Komissiyası tərəfindən elan edilib.

İqtisadiyyat üzrə Nobel mükafatı alimlərə “institutların formalaşması və onların rifaha təsirləri ilə bağlı araşdırmalarına görə” verilib.

Mükafat sahibləri öz tədqiqarlarında göstəriblər ki, ölkələrdə müxtəlif rifah səviyyələrinin səbəblərindən biri də müstəmləkəçilik zamanı yaradılan sosial institutlardır. Müstəmləkəçilik dövründə yoxsul olan ölkələr çox vaxt inklüziv institutları (cəmiyyətin geniş təbəqələrinin mülkiyyət hüquqlarını qoruyan və bütün vətəndaşların mənfəət üçün iqtisadi münasibətlərdə iştirakına imkan verən qurumlar) qəbul ediblər.

Digər ölkələr əhalinin böyük hissəsini gəlir bölgüsündən kənarlaşdıran hasilat iqtisadi institutları yaradıblar. Nəticədə, inklüziv institutların tətbiqi hər kəsə uzunmüddətli fayda gətirib, lakin hasilat institutları hakimiyyətdə olan insanlara qısamüddətli fayda verib. Komitənin press-relizində deyilir ki, bu, bir vaxtlar zəngin olan bəzi keçmiş müstəmləkələrin niyə indi kasıb, digərlərinin isə zənginləşdiyini izah edir.

XQ

Dünya