Macarıstanın xarici işlər naziri Kamala Harrisi sərt tənqid edib

post-img

Macarıstanın xarici işlər naziri Peter Siyarto ABŞ-ın vitse-prezidenti Kamala Harrisi onun ölkəsinin rəhbərliyinin və şəxsən hökumət başçısının ünvanına söylədiyi fikirlərə görə sərt tənqid edib.

AZƏRTAC xəbər verir ki, nazir ABŞ prezidentliyinə namizədin Macarıstana qarşı ittihamlarını qəbuledilməz adlandırıb. Siyarto deyib: “Ölkəm və onun liderləri haqqında bu cür danışmaq qəbuledilməzdir. Bu, bizə və macar xalqına tamamilə hörmətsiz münasibətin göstəricisidir”.

Çərşənbə günü müsahibə zamanı Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisə Donald Trampın müxtəlif dünya liderləri, o cümlədən Prezident Vladimir Putin, Baş nazir Viktor Orban, Çinin Sədri Si Cinpin və Şimali Koreya lideri Kim Çen In ilə münasibətləri barədə sual verilib. Cavab olaraq, Kamala Harris onları “qatil” adlandırmaqdan çəkinməyib. Macarıstan hökuməti bir neçə gün ərzində bu sərt, demək olar ki, qeyri-diplomatik bəyanata rəsmi reaksiya verməyib. Bu gecikmə qismən Siyartonun gərgin iş cədvəli ilə əlaqədar olub.

Nəhayət, bu gün Budapeştdən Harrisin sözlərinə cavab verilib: “Biz Amerika xalqına həmişə hörmət göstərmişik və qarşılığında da eyni münasibəti gözləyirik. Bu cür bəyanatlar tamamilə hörmətsiz münasibəti əks etdirir və müttəfiqlər arasında xüsusilə qəbuledilməzdir”.

Kamala Harrisin şərhlərinin Macarıstan-ABŞ münasibətlərinə təsir edib-etməyəcəyi ilə bağlı Siyarto xəbərdarlıq edib ki, əgər o, növbəti Prezident olarsa, bu, ikitərəfli münasibətlərin gələcəyi üçün yaxşı heç nə vəd etməyəcək. Baş nazir Viktor Orban, eləcə də nazir Siyarto və Orban hökumətinin qalan üzvləri Donald Trampa seçki kampaniyası zamanı və ondan əvvəl tam dəstək veriblər və bu, Macarıstan hökumətinin ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı ittihamlara səbəb olub. Baxmayaraq ki, Orban administrasiyası tez-tez digər ölkələrə Macarıstanın daxili işlərinə qarışmamaq barədə xəbərdarlıq edir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Dünya