Serbiya Prezidenti litium layihəsinə görə Loznitsada müvəqqəti ofis yaradır

post-img

Serbiya Prezidenti Aleksandar Vuçiç növbəti 7 gün ərzində Loznitsa şəhərində litium layihəsi ilə bağlı yerli icmalarla görüş keçirəcək.

AZƏRTAC xəbər verir ki, Serbiya Prezidenti Administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Aleksandar Vuçiçin Loznitsada müvəqqəti ofisi olacaq və 7 gün ərzində bütün vəzifələrini oradan yerinə yetirəcək. Prezident səfər çərçivəsində vətəndaşlarla görüşəcək, müxtəlif tədbirlərə qatılacaq, bir sıra kəndlərə, bələdiyyələrə və şəhərlərə səfər edəcək.

Qeyd edək ki, iyulda Serbiya hökuməti və Avropa İttifaqı arasında litium tədarükünə dair sazişin imzalanmasından sonra paytaxt Belqradda və digər bölgələrdə Yadar litium hasilatı layihəsinə qarşı nümayişlər artıb. Prezident Aleksandar Vuçiç qarşıdakı iki il ərzində litium ehtiyatları ilə bağlı hər hansı qazıntının aparılmayacağını bildirib.

Serbiyanın Yadar vadisində Avropanın ən böyük litium yatağı yerləşir. Britaniya-Avstraliya birgə müəssisəsi olan “Rio Tinto” dağ-mədən şirkəti 2004-cü ildə Serbiyanın Loznitsa şəhərində litium mineral ehtiyatları aşkarlayıb.

 

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

Dünya