Türkmənistanla İran energetika və nəqliyyat sahələrində sıx əməkdaşlıq edəcək

post-img

Tehranda işgüzar səfərdə olan türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında keçirilən görüşdən sonra mühüm ikitərəfli sənədlər imzalanıb. AZƏRTAC Türkmənistan mediasına istinadla xəbər verir ki, sazişlər energetika, dəniz nəqliyyatı və gömrük sahələrində əməkdaşlığı əhatə edir.

İki ölkənin liderlərinin iştirakı ilə imzalanan sənədlər arasında “Türkmənqaz” Dövlət Konserni ilə İranın Milli Qaz Şirkəti arasında təbii qaz sahəsində əməkdaşlığın inkişafına dair Anlaşma Memorandumu, Türkmənistanın Türkmənbaşı Beynəlxalq Dəniz Limanı və İran İslam Respublikasının Əmirabad limanı arasında qardaşlaşmış liman şəhərləri münasibətlərinə dair Anlaşma Memorandumu, Türkmənistan Xarici İşlər Nazirliyi ilə İran İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında 2025-2026-cı illər üçün əməkdaşlıq Planı, Türkmənistan Dövlət Gömrük Xidməti ilə İran İslam Respublikasının Gömrük İdarəsi arasında 2025-2026-cı illər üçün əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsi üzrə birgə Fəaliyyət Planı var.

Bundan başqa, tərəflər humanitar sahədə də əlaqələrin inkişafı üzrə razılıq əldə olunduğunu bəyan ediblər. Qurbanqulu Berdiməhəmmədov İran Prezidentini bu ilin oktyabrında Aşqabadda böyük türkmən şairi və mütəfəkkiri Məhtimqulu Fəraqinin 300 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransa dəvət edib.

Qurbanqulu Berdiməhəmmədov səfər çərçivəsində İranın Ali rəhbəri Ayətullah Seyid Əli Xameneyi ilə də görüşüb.

Dünya