Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri cari məsələləri müzakirə etmək üçün avqustun 29-da Brüsseldə qeyri-rəsmi görüş keçirəcəklər. Məlumatı “Anadolu” verib.
Ənənəyə görə, Aİ Şurasına sədrlik edən ölkədə hər altı aydan bir “Gymnich” formatında qeyri-rəsmi görüşlər keçirilir. Bu il iyulun 1-dən Macarıstan Aİ Şurasına sədrlik edir. Lakin Macarıstanın baş naziri Viktor Orbanın iyulun 5-də Moskvaya səfəri ilə əlaqədar Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell Aİ xarici işlər nazirlərinin görüşünün, əvvəllər gözlənildiyi kimi, Budapeştdə deyil, Brüsseldə baş tutacağını açıqlayıb.
Brüsselin məlumatına görə, Macarıstanın baş nazirinin ittifaqı təmsil etmək səlahiyyəti olmadığı üçün Orbanın Moskvaya səfəri Aİ administrasiyası tərəfindən kəskin tənqid edilib. Macarıstanın xarici işlər naziri Peter Siyartonun görüşdə iştirak edib-etməyəcəyi hələlik məlum deyil. Lakin məlum olub ki, Borrel Aİ-yə üzv olan hər bir ölkənin müvafiq nazirlərini iclasa dəvət edib.
Brüsseldə keçiriləcək qeyri-rəsmi görüşün əsas mövzularının Ukrayna və Yaxın Şərqdəki mövcud vəziyyət olacağı gözlənilir.
P.ƏMİRCANOV
XQ