Hörmətli və doğma “Xalq qəzeti”nin kollektivi, bu gün xalqımız sizin yaratdığınız mənəvi irsin zənginliyinə və misilsiz dəyərinə bir daha yüksək qiymət verir. Fəaliyyət göstərdiyiniz 105 il bütöv bir epoxadır.
Bu illər ərzində qəzetiniz ölkə tarixində bir çox mühüm hadisələrin şahidi olub, xalqımızın və ölkəmizin tarixini səhifələrində obyektiv əks etdirib. Bu, qəzetin kollektivi ilə birlikdə onun oxucularına da tarixi proseslərin bilavasitə iştirakçısı olmaq imkanı yaradıb. “Xalq qəzeti” özünün bir əsrdən artıq tarixi boyu təkcə respublikada baş verənləri izləməyib, həm də hər bir hadisəni xalqımızla birlikdə yaşayıb.
Nəşrinizdə Azərbaycan vətəndaşları hakimiyyətin ən mühüm qərarları ilə bərabər, dövlətin xarici və daxili siyasəti, müstəqillik yolunda həyata keçirilən strateji layihələri ölkə vətəndaşlarına, paytaxt Bakıdan tutmuş rayonlarda və ucqar kəndlərdə yaşayan insanlara doğru və düzgün çatdırmaqda böyük xidmətlər göstərib və bu gün də göstərir. Redaksiyanızda çalışmış müxtəlif nəsillərin nümayəndələri bu 105 il ərzində yüksək peşəkarlıqlarını sübut ediblər. Qəzetiniz haqlı olaraq ölkə miqyasında ən populyar və oxunan, xalqın etimadını qazanmış nəşrlərdən biri olub.
Jurnalistləriniz uzun illər informasiya məkanının önündə gedərək, yaradıcılıqlarında Azərbaycanın çoxşaxəli mədəniyyətinin təbliğinə layiqli yer ayırıb, onun görkəmli nümayəndələri haqqında materiallar hazırlayıb, ölkəmizin mədəni həyatında baş verən hadisələri maraqlı və mənalı məqalələr, publisistik yazılarla işıqlandırıb, oxucuları teatr və kino, ədəbiyyat və musiqi, rəssamlıq və xalq yaradıcılığındakı ən son yeniliklərlə tanış edib.
“Xalq qəzeti”nin səhifələrində bir çox görkəmli şairlərin, yazıçıların və publisistlərin gözəl əsərləri dərc edilib. Bu, qəzetə böyük nüfuz gətirməklə yanaşı, ona oxucuların da inamını və sevgisini qazandırıb. Bu gün sizin böyük kollektiviniz peşəkarlığı və jurnalistikaya yaradıcı münasibəti ilə öz sələflərinin şərəfli ənənələrini uğurla davam etdirir. “Xalq qəzeti” çap mətbuatının bayraqdarı mövqeyində qalmaq üçün peşəkarlığından və Vətən sevgisindən güc alır. Bununla belə, ənənələrə sədaqət müasir tendensiyalarla ayaqlaşmağa mane olmur: siz onlayn nəşr və televiziya yayımı imkanlarını fəal şəkildə inkişaf etdirirsiniz, müxtəlif yaş və maraq dairələrindən olan auditoriyanı cəlb edirsiniz.
Qəzetinizdə çalışan bütün redaksiya heyətinə təşəkkül tapmağa başlayandan özünəməxsusluğunu təsdiq edənə qədər topladıqları zəngin və müsbət təcrübənin qorunub saxlanmasını, daha böyük yaradıcılıq uğurları qazanmasını və oxucu auditoriyasını durmadan genişləndirməyi arzulayıram. “Xalq qəzeti” üçün bu əlamətdar gündə jurnalistlərə və bütün kollektivə yeni uğurlar, şəxsi xoşbəxtlik, cansağlığı və firavanlıq diləyirəm. Qələminiz həmişə təmiz və iti, publisistik sözünüz etibarlı və inandırıcı olsun.
Hidayət ORUCOV,
Azərbaycanın dövlət xadimi, diplomat və şair-dramaturq