Bu gün maraqla oxuduğumuz “Xalq qəzeti” sovet dövrünün partiya orqanı olan “Kommunist” qəzetinin bazasında yaranıb. Bilirik ki, “Kommunist” qəzeti tamamilə başqa bir yönümdə nəzərdə tutulan, yəni başlıca olaraq siyasi motivli mövzulara üstünlük verən qəzet idi. O qəzet kommunizm ideyasını, ideologiyasını təbliğ edən yüksək tribuna idi. Amma obyektivlik naminə deyək ki, “Kommunist”in səhifələrində milli məfkurə, milli mənlik şüurunun qorunması, mənəviyyat məsələləri də vaxtaşırı öz əksini tapırdı.
“Xalq qəzeti” isə onun bazasında yaradılsa da, tamamilə fərqli epoxanın qəzeti oldu. Qısa zamanda müstəqil Azərbaycanın ən səviyyəli qəzetlərindən birinə çevrildi. Bu gün “Xalq qəzeti” fəaliyyəti ilə adına uyğun mövqe tutub. Qəzetin gündəlik səhifələrindəki yazılarının mövzusu, məzmunu xalqın həyatı, duyğu və düşüncələri ilə ciddi bağlıdır. Qəzet çalışır ki, müstəqil Azərbaycanda “xalqın qəzeti” imicini doğrultsun. Xalqın arzu və istəklərini ifadə etsin, problemlərini öyrənsin və bu problemlərin aradan qaldırılması naminə qələmin gücündən layiqincə istifadə etsin.
“Xalq qəzeti”nin, xüsusən son 2 ildəki fəaliyyətini ayrıca qeyd etmək istəyirəm. Operativlik, dünyagörüşü genişliyi, siyasi məsələlərdən tutmuş, sadə insanların həyatlarını işıqlandırmağa qədər müxtəlif mövzularla bağlı dərin təhlili yazılar, qəzetin yenilik axtarışları dərhal nəzərə çarpır. Misal üçün, keçən il Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı yerli və dünya mətbuatında çoxsaylı silsilə materiallar dərc edilirdi. “Xalq qəzeti” bu sırada özünün orijinal axtarışları ilə seçilirdi. Qəzetin materiallarında yenilik var idi, aktual idi, təkrarçılığa yol verilmirdi, şablonçuluq da yox idi. Belə ki, Heydər Əliyevlə işləmiş, onun yanında olmuş insanları axtarıb taparaq müsahibələr götürüldü, yeni faktlar ortaya qoyuldu. Bir sözlə, nəşr Ümummilli liderin ümumiləşdirilmiş və parlaq obrazını fərqli baxışdan yaratmağa nail oldu.
Oxucu kimi mənim üçün “Xalq qəzeti” ciddi ictimai-siyasi mövzularla bərabər, tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız haqqında da maraqlı yazılarla çıxış edən mətbuat orqanıdır. Deyilən sözün çəkisi olmalıdır və oxucunun mənəvi aləminə təsir edə bilməlidir. “Xalq qəzeti” bunu bacarır.
Qəzetin bütün əməkdaşlarını 105 illik yubiley münasibətilə ürəkdən təbrik edirəm! Bütün qələm dostlarıma yeni-yeni yaradıcılıq uğurları arzulayıram! Arzu edirəm ki, 150 illik yubileyində də 105 illik yubileyində olduğu kimi, xalqla bərabər olsun!
ELÇİN,
Xalq yazıçısı