“Xalq qəzeti”nin 105 illik fəaliyyəti Azərbaycanın media tarixini zənginləşdirmiş və şərəfləndirmiş yaradıcı bir fədakarlıqdır. Əminliklə deyə bilərəm ki, Azərbaycanda milli mətbuatın formalaşmasında və inkişafında “Kommunist” qəzetinin və onun xələfi “Xalq qəzeti”nin misilsiz xidmətləri var.
Zaman sübut edib ki, mətbuat təkcə cəmiyyətin ictimai baxışlarını deyil, həm də millətin dilini təkmilləşdirən əvəzsiz kütləvi vasitədir. Bu qəzet ümummili söz tribunası olaraq ana dilimizin təmizliyinin keşiyində qeyrət və dəyanətlə dayanıb. Azərbaycanın çox dəyərli ziyalıları – alim, şair və yazıçıları sovet dövründə “Kommunist”in səhifərindən xalqa öz sözlərini deyiblər. O dövrün istedadlı qələm sahibləri, məşhur jurnalistləri imzalarını bu qəzetin səhifələrində görməkdən qürur duyublar.
Sovet quruluşunun ideoloji qadağalarına baxmayaraq, “Kommunist”in milli ruhlu vətənpərvər əməkdaşları cəmiyyəti düşündürən və narahat edən problemləri cəsarətlə qələmə alıblar. “Xalq qəzeti” öz sələfinin yolunu daha peşəkarlıq və əzmlə davam etdirərək dövlətçiliyə xidmət göstərir, çağdaş dövrün tələblərini məharətlə cavablandırır. Daim müasirləşən və milli-mənəvi dəyərlərimizi fədakarlıqla qoruyan qəzet xalqa sözlə xidmət estafetini davam etdirməklə yenə milli mediamızın önündə gedir.
105 illik yubiley münasibətilə redaksiya kollektivini təbrik edir, qəzetə milli mediamızın inkişafı naminə daha böyük uğurlar diləyirəm.
Kamal ABDULLA,
Azərbaycan Dillər Universitetinin rektoru,
Xalq yazıçısı