Pakistanın Bəlucistan əyalətində avqustun 26-dan başlayan terror aktları davam edir. Pakistan mətbuatının son məlumatına görə əyalətin Mastunq, Kalat, Pasni, Sibi, Sunsar, Pancqur, Turbat, Bela, Kvetta və Qvadar şəhərlərində törədilən seriya terror hucumu azı 73 adamın həyatına son qoyub, çoxsaylı yaralıların olduğu bildirilir. Ölənlər arasında qadınların, uşaqların və qocaların da olduğu qeyd edilir.
Terrorçular əsasən Pakistan ordusunun çağırış məntəqələrinə, polis şöbələrinə və nəqliyyat infrastrukturlarını hədəfə alıblar. Bəlucistan əyalətinin mərkəzi Kvetta ilə Pakistanın şəhərləri arasında olan dəmiryol xətti sıradan çıxarıldığından ölkənin digər əraziləri ilə əlaqə tam kəsilib. Terrorçular Pakistanla İran arasında olan dəmiryol xəttini də partladıblar.
Pakistan Prezidenti Asif Əli Zərdari və baş nazir Şahbaz Şərif ölkə ərazisində törədilən terror aktını kəskin pisləyib, ölənlərin doğma və əzizlərinə başsağlığı veriblər. Onlar bildirib ki, bundan sonra da ölkə ərazisində terrorçularla mübarizə tədbirləri davam etdiriləcək.
Məlumatda bildirilir ki, son onilliklər ərzində terrorçular ölkənin zəngin təbii sərvətləri olan cənub-qərb əyalətlərinin Pakistandan qoparılması uğrunda terror hücumları həyata keçirirlər.
Bəlucistan əyalətində törədilən terror aktlarına görə məsuliyyəti Pakistanda fəaliyyəti qadağan edilən “Bəlucistanın azadlığı ordusu” qruplaşması öz üzərinə götürüb.
Qulu Kəngərli
XQ-nin xüsusi müxbiri
İslamabad