“Südyolu” “Andromeda” ilə birləşəcəkmi?

post-img

Astronomiyada belə bir ehtimal irəli sürülür ki, “Südyolu” qalaktikası, təxminən, beş milyard il sonra qonşu “Andromeda” qalaktikası ilə birləşəcək. Bu 2 böyük spiral qalaktikanın birləşməsi nəticəsində yeni elliptik qalaktika meydana gələcək. Bununla belə, Helsinki Universitetinin astrofizikləri belə qənaətə gəliblər ki, bu 2 qalaktikanın yaxın 10 milyard ildə birləşmə ehtimalı 50 faizdir.

Alimlər hesablamalarında “Südyolu” və “Andromeda” qalaktikalarının tam təcrid olunmadığını, onlara yaxınlıqdakı digər qalaktikaların, xüsusən də 2,7 milyon işıq ili uzaqlıqda yerləşən və 40 milyard ulduzun olduğu güman edilən “M33” qalaktikasının cazibə qüvvələrinin təsirinə məruz qaldığını nəzərə alıblar. Müqayisə üçün qeyd edək ki, “Südyolu”nda təqribən 100 milyard ulduz, “Andromeda” qalaktikasında isə təxminən bir trilyon ulduz var.

“Südyolu” və “Andromeda” arasındakı qarşılıqlı təsirlərin dinamikasına 163 min işıq ili məsafəsində yerləşən bizim qalaktikamızın ən yaxın qonşusu Böyük Magellan Buludunun cazibə qüvvəsi də təsir göstərir. Hesablamalar göstərir ki, “M33” və Böyük Magellan Buludunun cazibə qüvvəsini nəzərə alaraq, iki nəhəng qalaktikanın mürəkkəb “rəqsi” onların birləşməsilə nəticələnməyə bilər. M33-ün cazibə qüvvəsi birləşmə ehtimalını artırırsa, o zaman orbiti “Südyolu” və “Andromeda”nın orbitinə perpendikulyar olan Böyük Magellan Buludunun cazibə qüvvəsi, əksinə, birləşmə şansını azaldır.

S.ELAY
XQ

 

Dünya