İsrailin hava və raketdən müdafiə sistemləri İran və Yəməndən gözlənilən uzaq mənzilli “yer-yer” raketlərinin qarşısını almaq üçün hazır vəziyyətdədir.
AZƏRTAC “İsrael Hayom” nəşrinə istinadla xəbər verir ki, xüsusilə Arrow, David's Sling və Iron Dome sistemləri yüksək hazırlıq vəziyyətinə gətirilib. Qırıcı təyyarələr səmada daimi patruldadır. Eyni zamanda, lazım gələrsə, Hərbi Hava Qüvvələri cavab zərbəsi endirməyə hazırlaşır.
Hazırlıq çərçivəsində İran, Hizbullah, Yəmən husiləri və İraq şiə könüllülərinin mümkün hücumlarına qarşı döyüş hazırlığını ən yüksək səviyyəyə yüksəltmək, ballistik raketləri və pilotsuz uçuş aparatlarını tutmaq üçün tədbirlər görülür.
Bundan əlavə, İsrail müdafiə ordusu ABŞ Mərkəzi Komandanlığı ilə daim koordinasiyadadır. Birləşmiş Ştatlar Yaxın Şərqdə böyük dəniz qüvvələri, o cümlədən təyyarədaşıyan gəmi yerləşdirib və bölgəyə beşinci nəsil F-22 Raptor qırıcılarından ibarət eskadrilya göndərib.