Britaniya parlamentinin üzvü və müxalifətdə olan Mühafizəkarlar Partiyasının liderliyinə namizəd Priti Patel “X” sosial şəbəkəsindəki səhifəsində İngiltərənin Soutport şəhərində uşaqlara bıçaqla hücumdan sonra baş verən iğtişaşlar səbəbindən parlamentin iclasını təcili çağırmağa çağırıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Britaniyada üç uşağın bıçaqlanaraq öldürülməsindən sonra ifrat sağçıların etirazları geniş vüsət alır. “The Times” nəşri həftə sonu ən azı 35 etiraz aksiyasının gözlənildiyini bildirib. Britaniya parlamenti sentyabrın 2-dək yay tətilinə çıxıb. Hökumət fövqəladə hallarda İcmalar Palatasının (aşağı palata) sədrindən tətil müddətində deputatları çağırmağı xahiş edə bilər.
Millət vəkili Priti Patel Britaniya şəhərlərində zorakı etirazları “qəbuledilməz” adlandırıb və partiya mənsubiyyətindən asılı olmayaraq bütün siyasətçiləri baş verənləri pisləməyə çağırıb.
Ötən gecə İngiltərənin Sanderlend şəhərində ifrat sağçı qrupların bir neçə yüz nümayəndəsinin iştirakı ilə iğtişaşlar baş verib. Etirazçılar mərkəzi polis idarəsini yandırıb, hüquq-mühafizə orqanlarının əməkdaşlarına pivə çəlləkləri və daş atıblar. Üç polis əməkdaşı xəstəxanaya yerləşdirilib, 8 nəfər isə saxlanılıb.
Bu həftənin əvvəlində bir neçə şəhərdə də etirazlar zorakılığa çevrilib. Onlarla polis əməkdaşı yaralanıb, çoxlu sayda etirazçı həbs edilib.
Britaniyanın Mersisayd qraflığının polisi iyulun 29-da Sautport şəhərində uşaqlara bıçaqla hücum edildiyini bildirib. Üç uşaq ölüb, daha bir neçə uşaq və iki yetkin ağır vəziyyətdə xəstəxanaya aparılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları 17 yaşlı yeniyetməni saxlayıb və ona qarşı üç nəfəri qətlə yetirmək, daha on nəfəri öldürməyə cəhd və soyuq silah saxlamaq ittihamı irəli sürülüb. Polis bu hücumun terrorla əlaqəli olmadığını təsdiqləyib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hücum amerikalı müğənni Teylor Sviftin üslubunda uşaqlar üçün rəqs və yoqa dərsləri zamanı baş verib.
Soutport, London və bir sıra digər şəhərlərin sakinlərinin bıçaqlı hücuma reaksiyası etirazlarla nəticələnib, aksiyalar şübhəlinin miqrant olması ilə bağlı təsdiqlənməmiş məlumatların yayılması səbəbindən polislə toqquşmalara və iğtişaşlara çevrilib.