İraqda təhlükəli terrorçular zərərsizləşdirilib

post-img

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) səyləri ilə İraqın Hakurk bölgəsində Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi antiterror əməliyyatı zonasında hücuma hazırlıqda iştirak edən terrorçular zərərsizləşdirilib. Xəbəri “Anadolu” verib. 

Məlumata görə, “Ronahi Dilhvin” ləqəbli terrorçu Vesile Duran və “Arın Tolkhildan” ləqəbli Dilan Oklu hədəfə alınan zərbələr nəticəsində öldürülüb.

Kəşfiyyat xidmətləri müəyyən edib ki, axtarışda olan Duran və Oklu Türkiyə hərbçilərinə qarşı hücumun planlaşdırılması ilə bağlı cinayət təşkilatının yaraqlılarına göstəriş veriblər.

Vesile Duran 2014-cü ildə PKK-ya qoşulub. 2015-ci ildə o, Şimali İraqda “təlim” keçərək terrorçuların qanlı fəaliyyətlərində iştirak etməyə başlayıb.

Dilan Oklu 2014-cü ildə, 15 yaşında PKK-ya qoşulub. Onun qardaşı “Tolhildan Zevki” ləqəbli Vedat Oklu da 2019-cu ildə zərərsizləşdirilən terror təşkilatının şəriki olub.

Ankara 2016-cı ildən bəri cənub sərhədlərində terror təhlükəsini aradan qaldırmaq və yerli əhalinin təhlükəsizliyini təmin etmək üçün üç uğurlu əməliyyat keçirib. Söhbət xüsusilə Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi “Fərat Qalxanı” (2016), “Zeytun budağı” (2018) və “Sülh mənbəyi” (2019) əməliyyatlarından gedir.

XQ

 

Dünya