Rusiya Federasiyası Avropa İttifaqının (Aİ) Ermənistandakı fəaliyyətini mənfi qiymətləndirir, bu yaxınlarda orada Kanada nümayəndələrinin iştirakı məlum oldu ki, bu da NATO-nun Cənubi Qafqaza sürətlə nüfuz etməsi deməkdir.
“İzvestiya.ru” xəbər verir ki, bu barədə iyulun 12-də Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin məlumat verib.
O xatırladıb ki, Rusiya Federasiyası Aİ-nin Ermənistan ərazisindəki missiyasına dəfələrlə mənfi qiymət verib. Hazırda Moskva onun nəinki genişlənməsindən, hətta daimi ola biləcəyindən narahatdır.
“Bundan əlavə, bildiyiniz kimi, bu ilin aprelində Kanada nümayəndələri missiyaya çıxdılar, bu, de-fakto NATO-nun Cənubi Qafqaza sürünərək nüfuz etməsi deməkdir”, - Qaluzin bildirib.
Onun sözlərinə görə, Qərbin Rusiya və regiondakı qonşu ölkələrdəki hədəflərlə bağlı kəşfiyyat məlumatı topladığını deməyə də əsas var: “Onlar hesabatlarını birbaşa Brüsselə göndərirlər və hətta erməni tərəfi ilə də bölüşmürlər. Qərblilərin Rusiya obyektləri, eləcə də Ermənistanla qonşu olan bütün dövlətlər haqqında kəşfiyyat məlumatlarını topladığını düşünməyə bütün əsaslar var”.
Qaluzinin fikrincə, Avropa İttifaqı region dövlətlərinin - Rusiya, İran və Türkiyənin çoxdankı tərəfdaşlarının maraqlarına zərər vurmaq üçün Cənubi Qafqazda möhkəmlənməyə çalışır.
P.ƏMİRCANOV
XQ