Beril qasırğası davam edir

post-img

İslandiyada baş vermiş Beril qasırğası nəticəsində ada yaxınlığında yerləşən ərazilərə kütləvi ziyan dəyib. Karib dənizindən 240 km/saat (150 mph) sürətlə əsən külək binaların damlarını qoparıb, ağacları kökündən çıxarıb və yaxınlıqdakı adaları dağıdıb. Beynəlxalq Kosmik Stansiyadan çəkilən  foto və videogörüntülərdə Karib dənizinin cənubunu əhatə edən fırtınanın nə dərəcədə güclü olması aydın görünür.

ABŞ Milli Qasırğa Mərkəzi (NHC) bu barədə əhaliyə xəbərdarlıq edib. Mərkəzdən bildirilib ki, Beril qasırğasının Yamayka və Kayman adalarına da həyat üçün təhlükəli küləklər və tufan dalğası gətirəcəyi gözlənilir. ABŞ Milli Qasırğa Mərkəzinin direktoru Dr. Brennan Yamayka sahillərində dəniz səviyyəsindən beş-səkkiz fut (1,5-2,4 m) yüksəklikdə fırtına dalğasının ola biləcəyini və bu hadisənin təhlükəli vəziyyətlərə səbəb ola biləcəyini söyləyib.

Yamaykanın informasiya naziri Dana Morris Dixon dövlət tərəfindən siyahıya alınmış  900-dən çox sığınacağın olduğunu, buna görə də küləyin və ya yağışın təsiri zamanı evlərini tərk etməli olan şəxslərin hökumət sığınacaqlarına rahat şəkildə müraciət edərək, gedə biləcəklərini deyib.

ABŞ Milli Okean və Atmosfer İdarəsindən (NOAA) isə bildirilib ki, Şimali Atlantika bu il bir mövsümdə orta hesabla üç qasırğadan daha çox qasırğa ilə üzləşə bilər.

Qeyd edək ki, iyulun 4-də qasırğanın Meksikanın Yukatan yarımadasının şərq sahilinə yaxınlaşacağı gözlənilir.

 

Fidan SALMANOVA

XQ

Dünya