İranda Pezeşkian və Cəlili ikinci turda mübarizə aparacaqlar

post-img

İranda 14-cü prezident seçkilərinin ikinci turuna islahatçılar qanadının namizədi Məsud Pezeşkian və mühafizəkarlar qanadının namizədi Səid Cəlili vəsiqə qazanıb. Bu barədə jurnalistlərə İslam Respublikasının seçki qərargahının nümayəndəsi Möhsün İslami məlumat verib. Xəbəri “Anadolu” yayıb. 

Səslərin sayılması prosesi başa çatıb. İslami qeyd edib ki, ölkə üzrə açılmış 59 min seçki məntəqəsində 24 milyon 535 min 185 bülleten atılıb.

Bülletenlər işləndikdən sonra Məsud Pezeşkian 10 milyon 415 min 191 səs toplayaraq 42,5 faiz nəticə ilə lider olub. Öz növbəsində, mühafizəkarlar qanadının namizədi Səid Cəlili 9 milyon 473 min 298 səs toplayıb və səsvermənin birinci turunu 38,6 faiz nəticə ilə ikinci yerdə başa vurub.

Beləliklə, yeganə islahatçı namizəd Pezeşkian və mühafizəkar Cəlili iyulun 5-də keçiriləcək prezident seçkilərinin ikinci turuna yüksələcəklər.

Namizədlərdən Məhəmməd Baqir Qalibaf 13,8 faizlə üçüncü, Mustafa Pürməhəmmədi isə 0,8 faiz səslə dördüncü yerdə qərarlaşıb.

P.ƏMİRCANOV
XQ

Dünya