"WikiLeaks"in qurucusu Culian Assanc çərşənbə günü, iyunun 26-da ABŞ-ın Saipan adasındakı Dairə Məhkəməsi tərəfindən azadlığa buraxılıb. Məhkəmə jurnalisti ABŞ hakimiyyəti ilə razılaşmanın bir hissəsi olaraq Casusluq Aktını pozmaqda təqsirli bildikdən sonra onu azadlığa buraxıb.
BBC xəbər verir ki, məxfi milli müdafiə məlumatlarını əldə etmək və açıqlamaq üçün sövlədəşmədə təqsirli bilindikdən sonra hakim Ramona Manglona bildirib ki, Assancın Londonun Belmarş yüksək təhlükəsizlik həbsxanasında keçirdiyi 62 ayın cəzasının bir hissəsinə daxil edilməsi “ədalətli və ağlabatan” olardı.
Assanca qarşı ciddi ittihamlar ləğv edilib. "Siz məhkəmə zalını azad adam kimi tərk edə biləcəksiniz",- deyə hakim iclası yekunlaşdırıb.
Assanca qarşı iş dayandırılıb və Amerika səlahiyyətliləri də ekstradisiya tələblərini geri götürüblər. ABŞ prokurorları Saipan hakimindən Assancın günahını etiraf etməsindən dərhal sonra dinləmənin keçirilməsini və hökm çıxarılmasını istəyiblər.
Assancın ABŞ-a xüsusi icazə olmadan daxil olması qadağandır.
BBC qeyd edir ki, sövdələşmə üçün ada ərazisi təsadüfən seçilməyib. Məhkəmə sənədlərində deyildiyi kimi, Assanc qitədə günahını etiraf etmək istəməyib, üstəlik, Saipan adası "WikiLeaks"in yaradıcısının indi getdiyi Avstraliyaya nisbətən yaxındır (3200 km).
Assanc mətbuata açıqlama verməyib və görüşdən sonra Avstraliyanın paytaxtı Kanberraya uçub.
Assancın qardaşı Qabriel Şipton jurnalistlərə deyib: "O, çox həyəcanlı, bir az narahat idi, lakin bütün bu illərdən sonra azad ola biləcəyinə görə xoşbəxt idi".
CNN-ə verdiyi müsahibədə o, Assancın "WikiLeaks"də işini bərpa etmək barədə hələ düşünmədiyini, çünki ailəsi ilə vaxt keçirmək və sağlamlığını bərpa etmək istədiyini deyib. Assancın həyat yoldaşı Stella da Ekvador səfirliyində və London həbsxanasında qaldıqdan sonra fiziki və psixi sağlamlıq problemlərindən danışıb.
S.ELAY
XQ