AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək səfər çərçivəsində Prezident Ərdoğanın VIII Türkiyə-İspaniya Hökumətlərarası Zirvə toplantısında və İspaniya-Türkiyə biznes forumunda iştirakı nəzərdə tutulur.
İspaniyanın Baş naziri Pedro Sançesin də iştirak edəcəyi və paytaxt Madriddə keçiriləcək forumun məqsədi ticarət, yaşıl transformasiya, enerji, infrastruktur və nəqliyyat sahələrində əməkdaşlığı artırmaqdır.
Qeyd edək ki, ötən il Türkiyə ilə İspaniya arasında qarşılıqlı ticarətin həcmi təxminən 19,2 milyard ABŞ dollarına çatıb. Türkiyədən İspaniyaya ixracatın həcmi 9,3 milyard dollar təşkil edib ki, bu da bütün dövrlərin ən yüksək göstəricisidir. İki ölkə arasında ticarətin əsasını avtomobil sektoru, geyim, kimyəvi maddələr, elektronika kimi sahələr təşkil edir.
Statistik rəqəmlərə əsasən, ötən il 775-dən çox ispan firması Türkiyədə fəaliyyət göstərib. Türk ilə ispan şirkətləri arasında əməkdaşlıq daha çox rəqəmsallaşma və yaşıl transformasiya sahələrini əhatə edir. Son səkkiz il ərzində ispan şirkətlərinin Türkiyəyə yatırdıqları sərmayə 10,5 milyard dollara çatıb. Hazırda səhiyyə və turizm sahələrində inkişaf ikitərəfli münasibətlərin gündəmində yer alır.