Mayın 30-da Çin sədri Si Cinpin Pekindəki Diaoyutai iqamətgahında Çin-Ərəb Əməkdaşlıq Forumunun 10-cu nazirlər iclasının açılış mərasimində bəyan edib ki, ölkəsi 2026-cı ildə ikinci Çin-Ərəb zirvə toplantısını keçirəcək. Məlumatı “İzvestiya.ru” verib.
“Çinin 2026-cı ildə ikinci Çin-Ərəb Sammitinə ev sahibliyi edəcəyini elan etməkdən məmnunam. Əminəm ki, bu, Çin və ərəb ölkələri arasında münasibətlərdə yeni bir mərhələ olacaq”, - deyə Çin Xalq Respublikasının sədri bildirib.
Si Cinpin qeyd edib ki, Çin və ərəb dövlətləri arasında birinci sammitin razılaşmalarının həyata keçirilməsindən razıdır və buna görə də ərəb tərəfi ilə işi davam etdirmək, ən aktual problemlərin həlli yollarını axtarmaq və uzunmüddətli sülh və sabitliyi təşviq etmək niyyətindədir.
“Biz neft-qaz sektoru, ticarət və infrastruktur sahələrində əməkdaşlığı gücləndirəcəyik. Biz süni intellekt, investisiya və maliyyələşdirmə, eləcə də yeni enerji kimi yeni artım nöqtələrinin yaradılmasını sürətləndirəcəyik. Birgə innovativ, yaşıl və firavan bir yola davam etməliyik”, - deyə o bildirib.
Si Cinpin bəyan edib ki, Çin ərəb tərəfi ilə həm də bərabər və nizamlı çoxqütblü dünyanı birgə müdafiə etmək niyyətindədir.
P.ƏMİRCANOV
XQ