Elmlər Akademiyası parkında təşkil olunan III Türk dünyası ədəbiyyat və kitab festivalında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Türk Dünyası İnfo” İctimai Birliyi tərəfindən icra olunan “Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” adlı layihə əsasında tədbir və yazarlarla görüş-müzakirə keçirilib.
XQ xəbər verir ki, tədbirdə məruzəçi BDU-nun kafedra müdiri, dosent, şair-publisist Knyaz Aslan “Türk Dünyası İnfo” İB-nin həyata keçirdiyi layihənin ədəbi, elmi, tarixi baxımdan aktuallığından bəhs edib, Türk dünyası ölkələrinin yazarları arasında əlaqələrə və ümumən ədəbiyyatımızın inkişafına töhfə olduğunu qeyd edib.
Məruzəçi bildirib ki, araşdırmaların nəticəsinə görə, müasir dövrdə bu mövzuda yazılmış əsərlərə Azərbaycan ədəbiyyatında, xüsusən də, Qarabağ Zəfərimizdən sonra daha geniş müraciət olunub. Bundan başqa, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan yazarları da vətənpərvərlik ruhunda, Azərbaycanın Qarabağ Zəfəri barədə bir sıra əsərlər yazıb çap ediblər.
“Türk Dünyası İnfo” İctimai Birliyinin sədri Dəyanət Osmanlı Türk dünyası tarixində xalqlarımızı həmrəylik halında yaşadan, ənənələrimizi qoruyub saxlayan ən əsas bağlardan birinin ideoloji aspektli ortaq mədəniyyət və ədəbiyyatdan ibarət olduğunu deyib. Bildirib ki, tarixi təcrübə göstərir ki, qəhrəmanlıq mövzusu, hərbi marşlar, döyüş, vətənpərvərlik motivli əsərlər tarixən daha çox Türk dünyası ölkələrinin ədəbiyyatında yer alıb.
Tədbirdə çıxış edənlər – AYB İdarə Heyətinin üzvü Əkbər Qoşalı, professor Nadir Məmmədli, tarixçi alim, şair, şərqşünas və tərcüməçi Şahin Fazil, alim-şairlər Gülxani Pənah, İbrahim Yusifoğlu, Zəki Bayram Yurdçu, Gülnar Səma, hərbi jurnalist-şair, qazi Rəşid Faxralı, yazıçı-jurnalist Şərf Kərimli, şairlərdən İbrahim İlyaslı, Gəray Göyyurd, Namiq Dəlidağlı, Süleyman Abdulla, Coşqun Xəliloğlu, Ələsgər Talıboğlu, Nəcməddin Mürvətov və başqaları Qarabağ Zəfəri, vətənpərvərlik, yurd təəssübkeşliyi mövzusunda şeirlər söyləyiblər.
Diqqətə çatdırılıb ki, bu cür tədbirlərin keçirilməsi ədəbiyyatımız, ictimai və mədəni mühit üçün dəyərli təşəbbüslərdir.
Sonda layihədə iştirak edən müəlliflər diplomlarla təltif olunub.