Aprelin 22-25-də BMT-nin Cenevrədəki mənzil-qərargahında türk xalqlarının mədəni birliyinə həsr olunmuş Türk Sülh Həftəsi keçirilib. Məlumatı “Anadolu” verib.
Tədbir Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası və Türk Dövlətləri Parlament Assambleyasının iştirakı ilə Türk Dövlətləri Təşkilatının (OTT) təşkilatçılığı ilə baş tutub.
Proqram türk tarixinin və adət-ənənələrinin irsini işıqlandırmaq məqsədi ilə müxtəlif ölkələrdə təşkil olunacaq silsilə tədbirlərin başlanğıcını qoyub. Bunu Türk Dövlətləri Təşkilatının (OTT) baş katibi Kubanıçbek Omurəliyev deyib.
O qeyd edib ki, Türk Sülh Həftəsinin keçirilməsi ideyası 2023-cü ilin noyabrında təşkilatın Astanada keçirilən 10-cu sammitində dövlət başçıları tərəfindən təqdim edilib. Türk Dünyası Həftəsi çərçivəsində fotosərgilər, konfranslar və qala-konsert təşkil olunub.
“Türk dövlətlərini bir məqsəd birləşdirir. Türk Dünyası Həftəsinin vəzifəsi diplomatiyanın mərkəzi olan Cenevrədə türk dünyasında əməkdaşlıq və qarşılıqlı fəaliyyətlə məşğul olan strukturları bütün dünyaya təqdim etməkdir. Müxtəlif ölkələrdə Türk Dünyası Həftələri təşkil etməyi planlaşdırırıq”, - deyə Omurəliyev qeyd edib.
P.ƏMİRCANOV
XQ