Bu gün Fransanın əlavə polis bölmələri və jandarmları Yeni Kaledoniyanın inzibati mərkəzi Noumeada asayişi bərpa etmək üçün bu ölkəyə gəlməyə başlayıblar. Məlumatı “İnterfaks.ru” verib.
Fransanın Yeni Kaledoniya üzrə ali komissarı Lui Le Frank bildirib: “Bir çox əlavə qüvvələr gələcək, onlar dərhal əvvəllər nəzarəti ələ keçirə bilmədiyimiz yerlərə göndəriləcək, itirdiyimiz şəhər ərazilərini yenidən işğal edəcəklər”.
Cümə günü axşam saatlarında Fransanın xüsusi inzibati-ərazi qurumu olan Sakit okean arxipelaqında hüquq-mühafizə orqanları əməkdaşlarının sayının 1,7 mindən 2,7 minə yüksələcəyi gözlənilir.
Bazar ertəsi, mayın 13-də Yeni Kaledoniyada konstitusiya islahatlarına qarşı etirazlar fonunda iğtişaşlar başlayıb. Onların iştirakçıları ticarət obyektlərini və avtomobilləri yandırıb, mağazaları qarət edib, barrikadalar qurub, ərzaq və dərman təchizatını dayandırıblar. Dörd nəfər öldürülüb, səlahiyyətlilər yüzlərlə şübhəlini saxlayıb. Paris arxipelaqda fövqəladə vəziyyət elan edib.
P.ƏMİRCANOV
XQ