Rusiya və ABŞ orduları Nigerdə eyni bazada yerləşir

post-img

Artıq bir neçə həftədir ki, Rusiya hərbçiləri Nigerə gələrək ABŞ-nin 101 saylı hərbi aviabazasında yerləşdirilir. Bu barədə CNN Pentaqondakı mənbələrə istinadən xəbər verir.

Mənbələrin məlumatına görə, Rusiya Silahlı Qüvvələri bazada ayrıca anqardan istifadə edir və amerikalılardan fərqli yerdə işləyir. Ancaq mənbələrdən biri qeyd edib ki, bazanın sahəsi “o qədər də böyük deyil”.

ABŞ-nin Afrikadaqkı qüvvələrinin komandanı Maykl Lenqli və müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uollander mart ayında Nigerə səfər edərək, Rusiyanın bu ölkədə hərbi cəhətcə güclənməsindən narahat olduqlarını bildiriblər. Onlar, həmçinin 101-ci aviabazanın gələcəyi və onun Rusiya Silahlı Qüvvələrinin istifadəsinə verilib-verilməyəcəyi ilə bağlı suallar qaldırıblar.

Rəsmilərin dediyinə görə, görüş gərgin keçib və bir neçə gün sonra Niger 2014-cü ildən bəri ABŞ hərbçilərinin və mülki işçilərinin ölkədə işləməsinə icazə verən razılaşmanı dayandırdığını açıqlayıb.

Pentaqon təsdiqləyib ki, hazırda Niger rəsmiləri ilə qoşunların nizamlı şəkildə çıxarılması üzərində işləyirlər.

 

P.ƏMİRCANOV

XQ

Dünya