Ərdoğan: PKK/PYD/YPG İraqda sülh və sabitliyə təhlükədir

post-img

PKK/PYD/YPG terror təşkilatı İraqda sabitliyə, inkişafa və sülhə təhlükə yaradır. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən təyyarənin göyərtəsində jurnalistlərin suallarını cavablandırarkən deyib. Xəbəri “Anadolu” yayıb. 

Dövlət başçısı vurğulayıb ki, İraqın inkişafı və ölkəyə beynəlxalq sərmayələrin təhlükəsizliyi üçün “terrorçuluq çuxurlarını düzəltmək” və proqnozlaşdırıla bilən gələcək qurmaq son dərəcə vacibdir.

O, eyni zamanda, Türkiyənin “istənilən şəraitdə terror təhlükəsini aradan qaldırmaq əzmində olduğunu və terrorçuları dəstəkləyənlərə, terrorçulardan piyon kimi istifadə edənlərə əsla təslim olmayacağını” bildirib.

Türkiyə lideri Bağdadın Ankaranın su ehtiyatlarından istifadə ilə bağlı tələblərinə də toxunub. Bununla bağlı Prezident dünyada dəyişən iqlim şəraitinə uyğun olaraq, su ehtiyatlarından davamlı istifadəni təmin edən yeni plan və proqramların hazırlanmasının zəruriliyini diqqətə çatdırıb. “Unutmamalıyıq ki, Türkiyə su ehtiyatları ilə bağlı İraqla eyni problemlərlə üzləşir”, - deyə siyasətçi əlavə edib.

Qəzza zolağındakı vəziyyəti şərh edən Prezident Ərdoğan hazırda İslam dünyasının əsas probleminin Qəzza olduğunu vurğulayıb. 

P.ƏMİRCANOV
XQ

Dünya