Son 3 gün ərzində Pakistanın Pəncab, Bəlucistan və Xayber-Paxtunxva əyalətlərində baş verən sel və daşqınlar, həmçinin ildırım vurması nəticəsində ölənləri sayı 55-ə çatıb, 40-dan çox adam yaralanıb. Təbii fəlakətin qurbanı olanlar arasında qadınlar və uşaqlar da var.
Sel və daşqınlar Pəncab, Bəlucistan və Xayber-Paxtunxva əyalətlərində ciddi fəsadlar törədib, çoxsaylı ev zədələnib, magistral və kənd yolları yararsız hala düşüb. Qəza-xilasetmə işlərinə yüzlərlə texnika və canlı qüvvə cəlb edilib, təbii fəlakətdən zərər çəkənlər təhlükəsiz ərazilərə köçürülüb.
Pakistanın Baş naziri Şahbaz Şərif təbii fəlakətin qurbanı olanların ailələrinə başsağlığı verib. O bildirib ki, zərər çəkən əyalətlərin sakinləri ərzaq və isti paltarlarla təmin olunur.
Pakistanda təbii fəlakətlər tez-tez baş verir. Belə ki, 2022-ci ildə baş verən sel və daşqınlar ölkənin üçdə birini su altına salmışdı. Həmin il 2 min adan təbii fəlakətin qurbanı olmuş, ölkəyə 30 milyard dollar həcmində zərər dəymişdi.
Qulu Kəngərli
XQ-nin xüsusi müxbiri
İslamabad