Son 48 saat ərzində Pakistanda baş verən sel və daşqınlar, həmçinin ildırım vurması nəticəsində azı 39 adam ölüb, təxminən o qədər də yaralanıb. Təbii fəlakətin qurbanı olanlar arasında qadınlar və uşaqlar da var.
Pakistan mətbuatının yaydığı məlumata görə Pəncab əyaləti daha çox zərər çəkib. Bu əyalətdə 17 adam təbii fəlakətin qurbanı olub. Bəlucistan əyalətində 8, Xayber-Paxtunxvada 5, digər əyalətlərdə isə 9 nəfər ölüb.
Sel və daşqınlar ölkə ərazisində fəsadlar törədib, evlər zədələnib, yollar yararsız hala düşüb. Qəza-xilasetmə işlərinə yüzlərlə adam cəlb edilib, təbii fəlakətdən zərər çəkənlər təhlükəsiz ərazilərə köçürülüb.
Pakistanın Baş naziri Şahbaz Şərif təbii fəlakətdən zərər çəkən əyalətlərin sakinlərinə hərtərəfli yardım edilməsinə göstəriş verib.
Qulu Kəngərli
XQ-nin xüsusi müxbiri
İslamabad