Ərdoğan Çanaqqala qələbəsinin ildönümü ilə bağlı müraciət edib

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 18 martda Türkiyədə qeyd olunan Şəhid Qəhrəmanların Anım Günü və Çanaqqala döyüşündə qazanılan qələbənin ildönümü münasibətilə xalqa müraciət edib. Məlumatı “Anadolu” verib.  

“Çanaqqala zəfəri şanlı bir dastana çevrildi, nəticədə o dövrün ən müasir orduları darmadağın edildi, “keçilməz Çanaqqala” ifadəsini tarixə yazdılar”, - deyə dövlət başçısı qeyd edib.

Türkiyə lideri vurğulayıb ki, “Çanaqqalada qəhrəman əsgərlərin sarsılmaz inamı və əzmkarlığı, eləcə də xalqın böyük fədakarlığı nəticəsində mümkün olan zəfər Qurtuluş Savaşında qələbəyə səbəb olan müqavimət ruhunu da ilhamlandırdı”.

Onun sözlərinə görə, “Türk milləti Çanaqqaladan, daha sonra isə Qurtuluş Savaşımızdan ilham alıb misilsiz mübarizəsi ilə bütün məzlum xalqlar üçün bir ümid işığına çevrilib, bir çox müstəmləkə ölkəsini öz mübarizəsinə başlamaq üçün ruhlandırıb”.

Prezident qeyd edib ki, Çanaqqala “təkcə türk xalqının əbədi və sarsılmaz birliyini deyil, həm də bölgənin ortaq taleyini əks etdirir”.

“Çanaqqala Zəfərinin 109-cu ildönümünü qeyd edərək, Mustafa Kamal Atatürk başda olmaqla bütün qəhrəmanlarımızın xatirəsini rəhmət və minnətdarlıqla anıram. Ruhları şad, məkanları cənnət olsun”, - deyə prezident Ərdoğan qeyd edib.

Türkiyədə martın 18-də Birinci Dünya Müharibəsinin ən böyük və ən qanlı döyüşlərindən biri olan Çanaqqala döyüşündəki qələbənin 109-cu ildönümünü qeyd edirlər.

P.ƏMİRCANOV
XQ

Dünya