Ermənistan hakimiyyətinin Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı siyasəti respublikanın təhlükəsizlik sisteminin sıradan çıxmasına və fəlakətə gətirib çıxaracaq.
AZƏRTAC xəbər verir ki, bu fikri Ermənistanın sabiq prezidenti Robert Koçaryanın müxalif “Ermənistan” parlament fraksiyasının katibi Artsvik Minasyan jurnalistlər üçün təşkil olunan brifinqdə səsləndirib.
“Ermənistanın təhlükəsizliyi elə bir vəziyyətdədir ki, hər an bütün tərəflərdən bizə hücum edilə bilər. Onlar bizim müttəfiqimizi düşmənə çevirdilər. Bu, rüsvayçılıqdır”, - deyə Artsvik Minasyan bildirib. Onun sözlərinə görə, İrəvan mövcud təhlükəsizlik sistemini daha effektiv etmək üçün yol tapmalı, tərəfdaşlarla “ultimatum dilində” danışmamalıdır.
Qeyd edək ki, son vaxtlar Ermənistan hakimiyyəti Rusiya ilə bağlı tənqidi bəyanatlar səsləndirir. Baş nazir Nikol Paşinyan Minskdə keçirilən KTMT sammitində iştirak etməyib və respublikanın həmin təşkilatda iştirakını dayandırdığını açıqlayıb. Bir müddət əvvəl isə Rusiya sərhədçilərinin İrəvan aeroportundan çıxarılması məsələsi gündəmə gəlib.
Rusiya XİN Ermənistan hakimiyyətinin davranışlarının “dost erməni xalqının maraqlarına cavab vermədiyini” bəyan edib. Xarici işlər naziri Sergey Lavrov İrəvandan gələn bəyanatların ikitərəfli münasibətlərə yenidən baxılmasına səbəb ola biləcəyini deyib.