“Ermənistanın ətrafında ilgək sıxılır”

post-img

Təəssüf edirik ki, Ermənistan rəhbərliyi şüurlu şəkildə Rusiya Federasiyası ilə münasibətləri pisləşdirmək siyasəti yürütmək qərarına gəlib. Rusiya Ermənistanın KTMT-yə üzvlüyünün davam etdirilməsi ilə bağlı yekun qərarını gözləyir, onlar qərar verməlidirlər.

Bu sözləri politoloq Suren Surenyants Rusiya xarici işlər nazirinin bəyanatını öz facebook səhifəsində şərh edərək yazıb.

“Bu iki bəyanatın müəllifi Lavrovdur və onların Ermənistan üçün çox təhlükəli təsiri var. Əsas məsuliyyət Paşinyanın üzərinə düşür, xüsusən də Ermənistanın KTMT-yə üzvlüyünü dondurduğunu bəyan etdiyi son bəyanatları ilə Ermənistan ətrafında ilgəklər daralır. Mən balanslaşdırılmış siyasətin ardıcıl tərəfdarıyam və iddia edirəm ki, bəli, Paşinyan Rusiya ilə münasibətləri pisləşdirmək üçün şüurlu qərar verib, strateji oriyentasiyanın dəyişdirilməsi üzrə avantürist siyasətə üstünlük verib. 

Bu insanlar başa düşmürlər ki, bugünkü Ermənistanın qlobal, hətta regional proseslərdə rolu sıfırdır və təəssüf ki, blokdan kənar perspektiv bizim müstəqil qərarımızdan kənardır. Beləliklə, Paşinyanın növbəsi Ermənistan üçün rahat neytrallığı təmin etməyəcək. Qərb üçün vacib olan nəticə deyil, prosesin özüdür, məqsədi Rusiyanın, eləcə də İranın regionda təsirini zəiflətməkdir. Xüsusilə Ermənistanın taleyi ilə bağlı “nəticə”nin nə olacağı Qərbi maraqlandırmır.

Lavrovun ən təhlükəli bəyanatı “Ermənistan rəhbərliyinin şüurlu qərarı” ifadəsidir. Bu, o deməkdir ki, Moskva artıq Ermənistana manevr şansı vermir, Paşinyanın “tarixi” qərarını sürətləndirir. Eyni zamanda, Rusiya bilərəkdən məsuliyyətdən boyun qaçırır ki, bu da təhlükəli nəticələrə gətirib çıxarır. Paşinyan balanslaşdırılmış siyasət, Ermənistan-Rusiya və Ermənistan-Türkiyə münasibətləri qurmaqla Ermənistanın dövlətçiliyinə təminat vermək əvəzinə dövlətçiliyimizin süqutu yolunu seçdi. Bu, sərt reallıqdır”, - deyə politoloq yazıb.

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya