Bu gün qardaş qazax xalqı Şükran Gününü qeyd edir. Bu, qazax xalqının güclənməsinə və birliyinə xidmət edən mühüm bayramdır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev martın 1-də ölkədə qeyd olunan bayram münasibətilə xalqı təbrik edib. Məlumatı “Anadolu” verib.
“Mərhəmət, şəfqət, köməyə hazır olmaq – xalqımıza qədim zamanlardan xas olan bu keyfiyyətlər sınaq anlarında özünü xüsusilə aydın şəkildə büruzə verir. Bu gün biz ədalətli Qazaxıstan quruculuğu yolu ilə addım-addım genişmiqyaslı transformasiyalar həyata keçiririk. Bu taleyüklü dövrdə ölkənin mənafeyini hər şeydən üstün tutaraq milli birliyi qorumaq bizim üçün son dərəcə vacibdir”, - deyə Tokayev təbrikində bildirib.
Yazın ilk günündə Qazaxıstanda Şükran Günü qeyd olunur. Bayram ölkədə 2016-cı ildən Qazaxıstan Xalqları Assambleyasının yaranması gününə həsr olunub. Qazaxıstan Xalqları Assambleyasının yaradılması haqqında fərman 1995-ci il martın 1-də imzalanıb. Bayram çoxmillətli ölkənin xalqları arasında dostluğun, mərhəmətin və harmoniyanın ifadəsinə çevrilmək, onun birliyini simvolizə etmək məqsədi daşıyır.
Şükran Günü şərəfinə ölkədə müxtəlif bayram və rəsmi tədbirlər, o cümlədən sərgilər, konsertlər, teatr tamaşaları təşkil olunur.
P.ƏMİRCANOV
XQ