Macarıstan parlamenti İsveçin NATO-ya üzvlüyü ilə bağlı ərizəsini fevralın 26-da təsdiqləyib. 188 deputat qərarın “lehinə”, 6-sı isə “əleyhinə” səs verib. Məlumatı “Anadolu” yayıb.
Beləliklə, Macarıstan NATO-nun 31 dövləti arasında İsveçin Şimali Atlantika Alyansına müraciətini təsdiqləyən sonuncu ölkə olub. Finlandiya və İsveç 2022-ci ilin mayında NATO-ya üzv olmaq üçün müraciət ediblər. Helsinki 4 aprel 2023-cü ildə alyansa rəsmən qoşulub.
2024-cü ilin yanvarında Türkiyə İsveçin alyansa daxil olmasını təsdiqləyib. Macarıstan Stokholmun ərizəsini ratifikasiya etməyən sonuncu ölkə olub.
Macarıstan parlamentində keçirilən səsvermədən sonra İsveçin baş naziri Ulf Kristersson bunu ölkəsi üçün tarixi gün adlandırıb.
P.ƏMİRCANOV
XQ