Niger hakimiyyətinin 2023-cü ilin noyabrında Afrika ölkəsi vasitəsilə qeyri-qanuni miqrantların tranzitinə nəzarət üzrə Avropa İttifaqı ilə sazişdən çıxmasından sonra çoxsaylı Afrika ölkələrindən Niger vasitəsilə Aralıq dənizi sahillərinə çatmağa çalışan miqrant axını xeyli artıb.
TASS-ın məlumatına görə, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb.
Təşkilatın məlumatında bildirilib ki, 2023-cü ilin dekabr ayından Nigerdə cənubdan şimala doğru hərəkət edən miqrant axını artmağa davam edir. Nigerin şimalındakı Saxara səhrasından keçən nəqliyyat dəhlizindən istifadə edən miqrantların sayı son üç ayda 50 faiz artıb.
Təşkilat miqrantların sayı ilə bağlı konkret məlumat vermir, lakin qeyd edir ki, Nigerdən keçən və Aralıq dənizi sahillərinə çatmağa çalışanların əksəriyyətini Nigeriya vətəndaşları təşkil edir.
Niger və Avropa İttifaqı 2015-ci ildə miqrasiya sazişi imzalayıb və bu, Afrika ölkəsi vasitəsilə miqrant axınını dəfələrlə məhdudlaşdırıb. Lakin ötən ilin payızında Nigerdə baş verən hərbi çevriliş və hakimiyyətin hərbçilər tərəfindən ələ keçirilməsi səbəbindən Avropa İttifaqının sanksiyalar tətbiq etməsindən sonra Niger ondan ayrılıb.
Rizvan FİKRƏTOĞLU
XQ