Fransanın müstəmləkəçilik marafonunun sonu çatır

post-img

Parisin “soyuq müharibə” dövründə təxirə saldığı zəruri dəyişikliklər, nəhayət, üç onillikdən sonra öz boğazına çökməkdədir. Keçmiş Qərbi Fransa Afrikası “Köhnə qitə”dən kənarda yeni müttəfiqlər axtarır. Bu axtarışlar həm də Fransanın əsrlərlə davam edən əsarətindən qurtulmaq üçün baş verən hərbi çevrilişlərlə müşahidə edilir. Mali, Çad, Burkino-Faso, Niger, Qabon – müvafiq olaraq 2021, 2021, 2022, 2023 və 2023-cü illərdə baş verən çevrilişlər. Bu hadisələr aydın şəkildə göstərdi ki, Fransanın, bəzi Qərb dövlətləri kimi Afrikada öz mövqeyini qoruyub saxlamaq üçün nəinki hazır resepti, əslində heç zərrə qədər haqqı belə qalmayıb. 

Aparıcı Qərb ölkələrinin kolonial surətdə istismar etdikləri Afrikada düş­dükləri qeyri-müəyyən vəziyyət onların inkişaf etməkdə olan ölkələrlə bağlı si­yasətinin ənənəvi təsir alətlərinin tam tükəndiyini nümayiş etdirir. Fransanın bu regionda postkolonial təsir sisteminin dərin böhran içində olduğu ortadadır. Çünki Paris başqa Qərb müstəmləkə­çiləri ilə müqayisədə Afrikada çox uzun müddətə qaldı və bunun da səbəbləri aydındır. 

Avropa müstəmləkə imperiyaları içə­risində yeganə ölkə Fransadır ki, Afrika və Asiya xalqlarını qarət etməklə böyük sərvətlərə sahib olsa da, o məkandan ayrıldıqdan sonra belə, regionda təkcə iqtisadi məsələlərə deyil, həm də yeni suveren dövlətlərin inkişafının əsas məsələlərinə təsir imkanlarına malik siyasi infrastrukturunu yarada bilib. Re­gionun aparıcı beynəlxalq təşkilatları olan Qərbi Afrika Ölkələrinin İqtisadi (ECOWAS) və ya Qərbi Afrika İqtisadi və Valyuta birliklərinin müxtəlif vaxtlarda məhz Fransanın dəstəyi ilə yaradılması faktdır və bu təşkilatlar bu gün də Pari­sin himayəsi altında çalışırlar. 

Bununla yanaşı regionun bir sıra ölkələrində, o cümlədən Seneqal, Qabon, Çad, Kot-d'İvuar və Nigerdə Fransanın mövcudluğu hərbi bazaların və heyətlərin yerləşdirilməsi ilə təsdiqlənir. Ümumiyyət­lə, bölgənin son 40-50 illik tarixindən keç­miş metropolun birbaşa hərbi müdaxilə­sinə dair çoxlu nümunələr gətirmək olar.

Bu işdə Paris həmişə müstəmləkəçi­lik “tort”unun ən ləzzətli tikəsini avropa­lıların əlindən almağa çalışsa belə, bəzi hallarda özünün Avropa “əlaltılarına” bir­başa zorakılığın həyata keçirilməsini hə­valə edən ABŞ-ın dəstəyindən istifadə edib. Paris 1960-cı illərin ortalarından başlayaraq, bu rolu kifayət qədər uğurla oynayır və müasir iqtisadiyyat üçün çox zəruri olan təbii ehtiyatlara inhisarçılıq­dan əhəmiyyətli iqtisadi faydalar əldə edir. Məsələn, ikinci Avropa nəhəngi Almaniyanın xeyli pula almalı olduğu xammalı Fransa Afrikadan, demək olar ki, qəpik-quruşa çəkib aparır.

Fransa müstəmləkəçiliyinin monitar silahı

Çox maraqlı məqamlardan biri də budur ki, əvvəldə qeyd etdiyimiz dövlət çevrilişləri, valyuta sistemləri məhz Pari­sin nəzarətində olan Afrika ölkələrində – Mali, Çad, Burkina-Faso, Niger, Qabon­da baş verib. Coğrafi yaxınlıqdan əlavə, bu ölkələri zəngin fransız dili, vahid müstəmləkə imperiyasının bir hissəsi kimi keçmiş və hazırkı mövcudluğunun “yadigarı” olan CFA frank pul sistemi birləşdirir. Afrika və Asiyanın başqa yer­lərində belə bir şey yoxdur: müstəqil ölkələr altı onillikdir ki, öz pullarını çap etmək, lazım gələrsə, onu devalvasiya etmək imkanından məhrum olublar və öz monitar siyasətlərini həyata keçirmək üçün bilavasitə Avropa Mərkəzi Bankın­dan asılıdır. Parisin əlində müstəmləkə­çiliyin əsas silahlarından biri də məhz budur. 

Necə ola bilər ki, müstəqil ölkə oldu­ğunu elan edəsən, amma öz valyutan olmasın? Belə olan halda müstəqilliyini necə qoruyub saxlayacaqsan? Nəzəri cəhətdən bu mümkündür. Bəli, vahid pul sistemindən istifadə edən avrozo­na ölkələri bir-biri ilə güzəştə getməyə məcburdur. Ancaq Avropada güzəştlər varlı ölkələrin daha kasıblara yardımı ilə kompensasiya edilir, CFA frank zo­nalarında isə belə bir mexanizm tətbiq edilmir. 14 ölkənin valyutası avroya cid­di şəkildə bağlıdır, inflyasiya dərəcələri xaricdən göstərişlərlə müəyyən edilir və milli pul ehtiyatlarının bir hissəsi yer­ləşdirilmək üçün Parisdə verilib. Bunun müqabilində isə ortalıqda heç nə yoxdur.

İqtisadi nöqteyi-nəzərdən, CFA fran­kı ilə avro arasında sabit məzənnənin öz güclü tərəfləri var: Afrika valyutası “Köh­nə qitə”nin pullarına asanlıqla dəyişdi­rilə bilər və onu böyük miqdarda xaricə aparmaq olar. Amma investisiya sabitli­yi baxımından belə bir üstünlük dövlət üçün ciddi təhlükəyə çevrilir. Böhranın ilk əlamətləri üzə çıxan məqamda kapi­talı, istifadə olunan yerli bazardan təcili çıxarmaq daha asandır.

Valyutaların bərabərsizliyi Avropa ilə müqayisədə inkişaf səviyyəsindəki uyğunsuzluğu daha da artırır. Bu gün avroya bağlanan Afrika valyutasına şi­şirdilmiş məzənnə miras qalıb. Nəzəri baxımdan bu, o deməkdir ki, xammalları çıxmaq şərti ilə, yerli mallar çox bahadır. Qalan hər şey xaricdən gətirilir və yerli bazarda uğurla satılaraq yerli istehsa­la heç bir şans vermir. Ümumi iqtisadi göstəricilərin dili ilə desək, bu disbalans kütləvi işsizliyin yaranmasına gətirib çıxarır. İllər keçdikcə özlərinə layiqli yer tapa bilməyən afrikalılar Fransaya, onun diktə etdiyi siyasətə və onunla bağlı olan elitalara qarşı getdikcə daha sərt düş­mənçilik etməyə başlayırlar.

1987-ci ildə Burkina-Fasonun pre­zidenti Tomas Sankaranın qiyamçılar tərəfindən öldürülməsi CFA frankı ilə bağlı bəlkə də son məsum hekayə də ola bilərdi. Solçu ideyaların tərəfdarı olan Sankara hesab edirdi ki, müstəm­ləkəçilikdən miras qalmış pul vahidi iqti­sadi tərəqqiyə mane olur və milli hissləri aşağılayır. 1980-ci illərin əvvəllərində o, ölkəsinin milli valyutasının buraxılma­sını təklif etdi, lakin mövqeyi lazımınca qiymətləndirilmədi. Qəsdin sağ qalan yeganə şahidi Sankaranın son anları­nı belə dilə gətirir: qiyamçılar prezident iqamətgahına soxularaq cəsarətli San­kara ilə qarşılaşdılar. O, ayağa qalxa­raq atəşləri öz üzərinə götürdü: “Onlar mənim üçün gəliblər”, – deyə qışqırdı və yıxıldı. Təşkilatçılar təkcə Burkinabe inqilabının lideri ilə deyil, həm də onun ideyalarını bölüşən 12 silahdaşı ilə he­sablaşdılar. CFA frankı yenə “sağ” qaldı.

XXI əsrin Fransa kolonializmi

CFA frankının arxasınca uzanan dumanlı cığır bizim dövrümüzdə onun vəziyyətini çətinləşdirməyə bilməzdi. 2015-ci ildə Çad prezidenti, sonra­dan üsyançılar tərəfindən öldürülən İdris Debi Fransa müstəmləkəçiliyinin XX əsrdə əsas silahına çevrilmiş CFA frankını "Afrikanı geri aparan" valyuta adlandırdı. 2019-cu ildə Benin prezidenti Patris Talon onun bu fikri ilə tam razılaş­dığını ifadə etdi: "Bu modelin mövcud­luğunun davam etdirməsində yaxşı heç nə yoxdur ". İndi “Qara qitə”də nəsillərin dəyişməsi ilə öz maliyyə siyasətinə nə­zarət etmək istəyi daha sürətlə üstünlük təşkil etməyə başlayıb.

Müstəmləkəçiliyin etibarlı silahı­nın əlindən çıxacağını görən Fransa buna cavab olaraq, 2019-cu ildə CFA frank zonasının – qərb cinahında öz çevik islahatını təklif etdi. Onun prin­sipləri Fransanın rolunun tədricən zəif­lədilməsini, maliyyə ehtiyatlarının Afri­kaya qaytarılması hüququnu və hətta müstəmləkəçiliyə istinad edən pul va­hidinin nüfuzunu itirmiş adının dəyişdi­rilib eko adlandırılmasını ehtiva edirdi. 2020-ci ildə islahatların əsas prinsipləri Fransa Milli Assambleyası tərəfindən təsdiqləndi: Fransa nümayəndələri Af­rikanın mərkəzi banklarından çıxarılsın və maliyyə ehtiyatları yerlərə köçürül­sün. Lakin pandemiyanın alovlanması islahatın gedişini ləngitdi: 3 ildən artıq vaxtın keçməsinə baxmayaraq, o, hələ də qüvvəyə minmədiyi üçün nəticələrini qiymətləndirmək, təbii ki, mümkün deyil.

Ancaq burada da Fransanın kifayət qədər düşünülmüş şəkildə seçdiyi for­mulaların ikili xarakterini nəzərdən qa­çırmaq doğru olmazdı. Parisin müstəm­ləkəçilik siyasətindən zənginləşən siyasi elitası özünəməxsus hiyləgərliklə hər şeyin olduğu kimi qalmasını daha məqbul hesab edir və buna ciddi cəhd­lə çalışırlar: məsələn, Afrikaya öz mil­li sərvətini qaytarmaq hüququ heç də bunu həyata keçirmək öhdəliyi demək deyil, çünki bu hüquq razılaşmalardan asılı vəziyyətdədir. Mərkəzi banklardakı fransız nümayəndələrini isə Fransanın razılığı ilə təyin edilmiş ekspertlər əvəz edəcəklər ki, bu da CFA frankını tənqid edənlərin nəzərində fərqli bir şey deyil.

CFA frankının gələcəyi ilə bağlı fərqli qiymətləndirmələrdən asılı olmayaraq, Paris əsas məsələdə qətiyyən güzəştə getməyə razı deyil. Bu isə o deməkdir ki, Afrika ölkələrində Fransanın monitar müstəmləkəçilik alətlərinə qarşı müqa­vimət bu və ya digər şəkildə davam edə­cək. Üstəlik, Mərkəzi Afrikanın CFA fran­kı sistemi üçün islahatların, hətta cüzi yaxınlaşmasını belə, söyləmək olmaz. Belə ki, 2023-cü ildə belə dəyişikliklərə həsr olunmuş yerli liderlərin sammiti belə nəticəsiz başa çatıb.

Hər hekayətin bir sonu var...

Bir sözlə, əgər Qərblə dünyanın ək­sər ölkələri arasındakı münasibətdən neokolonial hökmranlıq kimi danışırıq­sa, o zaman Fransanın Afrikadakı təsiri sadə müstəmləkəçilikdən zərrə qədər də fərqlənmir. Hətta XX əsrdə ABŞ-ın dünyanın hər yerində tətbiq etdiyi for­mal suverenliyə əsaslanan beynəlxalq qurumlar sistemi belə bu strategiyaya maneə ola bilmədi.

Ancaq hər bir hekayətin bir sonu var. İndi Afrika cəmiyyətlərinin inkişafı, eləcə də “Qara qitə”nin sakinlərini qula çevirən fransızların ümumən zəifləməsi, onlar arasındakı münasibətləri bir növ finala doğru aparmaqdadır. Bundan sonra keçmiş fransız müstəmləkəçi ağaları bu ərazini ya tamamilə tərk etməli, ya da Afrikada öz müstəmləkə siyasətlərinin davam etdirilməsi üçün yeni yollar ax­tarmalı olacaqlar. O zaman Fransanın müstəmləkəçi monitar silahına çevrilən CFA frankının da sonu çatacaq. 

Bunun bir əsas səbəbi odur ki, Pa­risin güc və resursları artıq formal su­veren ölkələrin hökumətlərinə nəzarət etmək üçün kifayət etmir. Qərbin apa­rıcı dövlətləri arasında isə onun adek­vat əvəzedicisi yoxdur. Üstəlik, Afrikaya getdikcə daha çox yeni xarici oyunçular gəlir. Rusiya orada təhlükəsizliyin qo­runması sahəsində mövcudluğunu güc­ləndirir və dini terror qruplaşmalarına qarşı mübarizə aparır. Çin isə çox vaxt Afrika ölkələrinə Qərbdən gözlədiklərin­dən daha sərfəli əməkdaşlıq modelləri təklif edir və bu yolla təsirini artırır. Bu da, Avropa güclərinin heç vaxt rəqabət­lə üzləşmədiyi və sosial infrastruktur məsələləri ilə özlərini əsla yükləməməyə vərdiş etdikləri yerlərdə çox həssas məsələlərdir. 

Fransanın, XXI əsrdə Afrikada hə­yata keçirdiyi kolonial siyasət nəticəsin­də baş verən proseslərin məzmununu və mahiyyətini anlamadığını düşünmək yolverilməz səhv olardı. Buna bax­mayaraq, Paris birbaşa nəzarətin qeyri-mümkün olduğu yerlərdə də, məsələn, Cənubi Qafqazda Ermənis­tandan istifadə etməklə maksimum fay­da əldə etməyin yeni yollarını axtarır. Bu, kənar müşahidəçilərə belə bir fikir irəli sürməyə imkan verir ki, son vaxtla­ra qədər fransızların özlərini tamamilə rahat hiss etdikləri regionda Fransanın gücü son dərəcə zəifləyib. Axı onların öz mövcudluğunu qorumaq üçün hansı imkanları var və ümumiyyətlə, bu güc mövcuddurmu? 

Əlbəttə, Fransa hərbi cəhətdən hələ də ayrı-ayrılıqda Afrika rejimlərinin hər birindən qat-qat güclüdür, lakin Paris artıq bu üstünlüyünü güclü siyasi təsirə çevirə bilmir. Buradan aydın görünür ki, hər bir hekayənin bir sonu olduğu kimi, Fransa müstəmləkəçiliyinin də sonu çat­maqdadır. Əlbəttə əgər Afrikadan sonra Cənubi Qafqazda müstəqilliyindən doğ­ru-düzgün faydalanmayan Ermənistanı öz müstəmləkəsinə çevirə bilməsə...

İlqar RÜSTƏMOV
XQ



Dünya