Heyətində türkiyəli astronavt Alper Gezeravcının da olduğu Axiom-3 (Ax-3) adlı kosmik missiya fevralın 3-də Beynəlxalq Kosmik Stansiyanı (BKS) tərk edəcək. Məlumatı “Anadolu” agentliyi verib.
Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin verdiyi məlumata görə, fevralın 2-də Türkiyə vaxtı ilə saat 17.50-də Ax-3 heyəti üçün kosmik stansiyada vida mərasimi təşkil olunub.
Gezeravci və heyətin digər üzvlərinin şənbə günü Türkiyə vaxtı ilə saat 14.00-da BKS-dən ayrılması gözlənilir. Yerə qayıdış 12 saat çəkəcək.
Planlaşdırılan enişin Atlantik okeanında, Florida şərqindəki və ştatın qərbində, Meksika körfəzindəki yeddi potensial eniş nöqtəsindən birində baş tutacağı gözlənilir.
Qeyd edək ki, yanvarın 18-də yerli vaxtla saat 16.49-da (19 yanvar saat 00.49) “SpaceX Dragon” kosmik gəmisi NASA-nın Florida ştatındakı Kennedi Kosmik Mərkəzdən uğurla kosmosa buraxılıb. Təxminən 36 saatlıq kosmos səyahətdən sonra ilk türk astronavtı Gezeravcının də olduğu Ax-3 heyətini daşıyan kosmik gəmi saat 13:42-də Beynəlxalq Kosmik Stansiyaya yaxınlaşıb.
Ax-3 heyətinə Maykl Lopez-Aleqria (ABŞ), Valter Villadei (İtaliya), Markus Wandt (İsveç) və Alper Gezeravcı daxildir. Gezeravci və heyət üzvləri 14 gün BKS-də araşdırma aparıblar. Gezeravcı missiya çərçivəsində türk alimləri və tədqiqat institutları tərəfindən hazırlanmış 13 elmi araşdırma aparıb.
P.ƏMİRCANOV
XQ