Pakistanın məhkəməsi İmran Xanı 10 il həbs cəzasına məhkum edib

post-img

Pakistan məhkəməsi dövlət sirri haqqında qanunu pozmaqda ittiham olunan sabiq baş nazir, müxalif Ədalət Uğrunda Hərəkat partiyasının lideri İmran Xanı və partiya sədrinin müavini, sabiq xarici işlər naziri Şah Mahmud Qureyşini 10 il həbs cəzasına məhkum edib.

Bu barədə Geo TV məlumat yayıb. Telekanalın məlumatına görə, hökm Ravalpindidəki Adiala həbsxanasının xüsusi məhkəməsinin hakimi tərəfindən Xan və Qureyşinin iştirakı ilə elan olunub.

İmran Xan 2018-2022-ci illərdə Pakistan Nazirlər Kabinetinə rəhbərlik edib. O, 2022-ci il aprelin 10-da etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb.

Xanla bağlı təhqiqat 2022-ci il martın 27-də Pakistanın Vaşinqtondakı səfirindən şifrəli teleqram aldığını açıq şəkildə elan etdikdən sonra başlayıb. Siyasətçinin sözlərinə görə, ABŞ nümayəndələri diplomatik missiyanın rəhbəri ilə söhbətdə 2022-ci ilin fevralında onun Moskvaya səfəri zamanı “sərgilədiyi Rusiyayönlü mövqeyi nəzərə alaraq Baş nazir postundan uzaqlaşdırılmasını tövsiyə ediblər”.

Dünya