“X xəstəliyi” və “qaydasız” IV Dünya müharibəsi

post-img

Qlobal elita Davosda nəyi müzakirə etdi?

İsveçrənin Davos şəhərində keçirilən növbəti Ümumdünya İqtisadi Forumu başa çatıb. Bu nüfuzlu tədbirin yekunu ilə bağlı Vadim Bondar “regnum.ru” saytında dərc etdirdiyi məqalədə yazır ki, 120-dən çox ölkənin elitasının nümayəndələri toplantının yekunu olaraq bir faktı təsdiq etmək məcburiyyətində qaldılar: nəhəng dövlətlər, hətta ranqına görə aşağı dövlətlər belə yeni dünya qaydalarının müəyyən edilməsinə görə kəskin rəqabətə girişiblər. Bu rəqabət isə təkcə konsensus üçün deyil, ümumiyyətlə, hər hansı kollektiv qərar üçün yer qoymur. 

Davos forumunun builki şüarı “Etima­dın bərpası” idi. Bu isə aşkarlıq, məm­nunluq və məsuliyyət kimi baza prin­sipləri ehtiva edirdi. Ancaq yaşadığımız dünya sürətlə dəyişməkdədir və artıq bu şüarın ehtiva etdiyi kimi deyil. 

Dünya daha texnokratik və prinsipsiz olub. Nə üçün? Müəllif buna cavab ola­raq yazır: “Birincisi, texnologiya sürətlə insanı onun mentallığı ilə ikinci plana keçirərək özü cəmiyyətin gələcək inkişaf hədəfinə və prioritetinə çevirilir. Maşınlar getdikcə daha yaxşı düşünür, həll edir və düzəldir, ancaq heç nə hiss etmir, düşün­mür, mübahisə etmir. Bu da müasir dün­yada rifah kimi qəbul edilir”. 

İnsan təkrarolunmaz şəxsiyyət, his­siyyat, ağlın daşıyıcısı və sahibi kimi, həm də özünün inkişaf və kamillik səviy­yəsinə görə, sadəcə texnoloji zəncirin köməkçi elementinə çevrilir. Nəticədə, belə cəmiyyət üçün qətiyyən vacib de­yil ki, bu insanı nə həyəcanlandırır, ona ilham verən nədir, onu nə darıxdırır, o, nəyə inanır, nəyə inanmır və s. 

Davos forumunda bərabərsizliyi ara­dan qaldırmaq üçün, hətta tarixin son dönəmində hazırkı kapitalizm modelinə hansısa mümkün potensial ictimai-siyasi və iqtisadi alternativlərlə bağlı müba­hisələr belə olmadı. 

İkincisi, planetdə de-fakto dördüncü dünya müharibəsi gedir. Məlum iki müha­ribə “isti”, qanlı müharibə olub, üçüncüsü “soyuq” və dördüncüsü proksi-müharibə­dir ki, bu da tamamilə yeni bir müharibə­dir. Onun qayda-qanunları düşünülmə­yib və normaları razılaşmayıb. 

Bu razılaşdırımamış oyunlara cəmiy­yətdə güclənən texnokratlıq öz təsirini göstərir ki, bu haqda əvvəldə söz açıldı. Nəticədə, biz getdikcə daha qeyri-insani bir dünya görürük və orada necə yaşaya­cağını hələ ki, heç kim bilmir. Ancaq Da­vos forumunun iştirakçıları zəmanəmızın ağır realizminin bu ağır materiyalarından danışmaq belə istəmədilər. Onlar üçün restoranlara yığışıb, həmişə olduğu kimi, xoş işlərdən, transparentlikdən (aşkar­lıq-red), məmnunluqdan, məsuliyyətdən danışmaq daha rahatdır. İllyuminatora da baxmırlar ki, üzdükləri “Titanik”in ağır-ağır suya qərq olduğunu görə bilsinlər.

“The Global Risk Report”un forum ərəfəsində təqdim etdiyi hesabatın müəlliflərinin də daha dərin, ağrılı və fun­damental problemlərdən yan keçməyə çalışdıqları aydın görünür. Onlar ciddi riskləri iqlim dəyişmələrində və 2024-cü ildə keçiriləcək çoxsaylı seçkilərin fo­nunda dezinformasiyaların yayılmasında görürlər. Məruzədə qeyd edilir ki, bütün dünyada seçki məntəqələrinə 3 milyarda yaxın insan gedəcək və dezinformasiya­ların yayılması “yeni seçilmiş hökumət­lərin legitimliyinə dağıdıcı təsir göstərə” bilər. 

Ekspertlər hesab edirlər ki, bu dezin­formasiyalar, “zorakı etirazlar və nifrət­dən irəli gələn cinayətlərdən tutmuş vətəndaş qarşıdurması və terrorizmə qə­dər” ciddi hadisələrlə nəticələnə biləcək vətəndaş iğtişaşlarına səbəb ola bilər. 

Hökumətlər buna demokratiyanı məhdudlaşdırmaq və boğmaqla, eləcə də nəyin doğru və nəyin yanlış olduğu­nu müəyyən etmək hüququnu mənim­səməklə cavab verəcəklər. Alternativ in­formasiya, rəy mənbələri, hətta ideyalar müxtəlif yollarla rədd ediləcək və sıxış­dırılacaq. Üstəlik, belə ölkələrin dairəsi əhəmiyyətli dərəcədə genişlənəcək.

Məruzə müəlliflərinin rəyinə görə, iq­tisadi böhran ehtimalları da qalır və bö­yükdür. Düşünürlər ki, keçmiş böhranlara gətirib çıxaran şərait fundamental yanaş­mada heç də yoxa çıxmayıb. Ona görə də zəifləmiş maliyyə sistemlərinə yüngül­vari bir sarsıntı lazım gələcək ki, daya­nıqlığın kritik həddini dəf etsin. 

Yanvarın 17-də Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktorunun birinci müavini Gita Qopinat Davosda bu məsələ ilə bağlı daha müfəssəl danışdı. Onun şərhinə görə, bank sistemi, bütöv­lükdə, artan faiz dərəcələri və dünyada davam edən münaqişələr fonunda özünü kifayət qədər yaxşı saxlayır, lakin ABŞ və Çində bəzi banklar üçün risklər var. 

Həmin banklar isə bu gün ən böyük bank sistemləridir və orada az-çox əhə­miyyətli bir “köpük” partlasa, dərhal domi­no effekti başlaya bilər ki, bu da maliyyə, borc və tikinti bazarlarını, ev təsərrüfatla­rını və s. öz ardınca çəkib aparacaq.

Forumun iclaslarında “X xəstəliyi” pandemiyasının təhlükəsi də geniş mü­zakirə olunub. Düzdür, o, hələ ki, möv­cud deyil, amma nədənsə onun ortaya çıxması reys avtobusun gəlişi kimi göz­lənilir. Əlbəttə, bu mövzu sürpriz olmayıb və artıq bir neçə aydır ki, ciddi intensivlik­lə müzakirə olunur. İndi Davos vasitəsilə, bundan hələ xəbər tutmayan dünya elita­larının diqqətinə çatdırılır.

Formal olaraq bu məsələnin müza­kirəsi, bəşəriyyət üçün ölümcül təhlükə yarandığı təqdirdə, milli səhiyyə sistem­lərini operativ və əlaqələndirilmiş tədbir­lərə hazırlamaq məqsədi ilə təşkil edilir. Əslində, bəzi analitiklərin iddia etdiklə­rinə görə, qlobalistlər hökumətləri gələ­cək epidemiya ilə hədələyib deyirlər ki, biz əvvəlcədən “səylərimizi birləşdirmə­liyik”, əks halda, hamımız ayrı-ayrılıqda məhv olarıq.

Bu, necə olur? COVID-19 pandemi­yası bizə heç bir şey öyrətmədimi? Axı bu, yalnız baş verə biləcək hadisələrin məşqi idi və ayrı-ayrılıqda fərdi sistemlər artıq gələcək dünya şərinin öhdəsindən gəlməyəcəklər. Şimali Koreya buna mi­saldır: Bütün təcridolunma tədbirlərinə baxmayaraq, “Covid” oraya da yol tapdı. Qaçılmaz yeni pandemiyanın tərəfdarla­rının fikrincə, “X xəstəliyi” daha sürətlə yayılacaq və daha dəhşətli olacaq.

Ümumiyyətlə, ehtimal var ki, Qərb qloballaşmanı yenidən gündəmə gətir­mək məqsədi ilə sistemli şəkildə dün­yanı yeni pandemiyaya hazırlamağa və antivirus araşdırmaları adı altında bu istiqamətdə artıq səylər göstərməyə baş­layıb.

Sammit çərçivəsində, həmçinin süni intellektin artan təhlükəsindən də geniş danışıblar. Əslində, bu mövzu da yeni deyil və demək olar ki, bütün ötən il ər­zində onun ətrafında müzakirələr olub. Hamı süni intellektin təhlükələri barədə xəbərdarlıq edir, lakin onu təkmilləşdir­mək məqsədilə işlər sürətlə davam etsə də, hər şey məxvi saxlanılır. Bu da daha çox keçmişdəki nüvə layihəsini xatırladır.

XIX əsrin sonu və XX əsrin əvvəllə­rində fantastlar və futuroloqlar dəhşətli dağıdıcı gücə malik silahların meydana çıxması təhlükəsi haqqında çox fəal şə­kildə əsərlər yazırdılar. Onun insanlara və ətraf mühitə mümkün təsirinin dəhşətli təsvirlərini verirdilər. Amma bunun heç kimə təsiri olmadı. Bütün aparıcı ölkələr gizli şəkildə öz nüvə layihələrini həyata keçirirdilər və gerçək olan və olmayan ən müxtəlif məlumatları yayaraq rəqib­lərini qabaqlamağa çalışırdılar. Nəticə­də, bomba ortaya çıxdı və istifadə edildi. Eyni şey, yəqin ki, süni intellektlə də baş verəcək.

Həm hesabatda qeyd olunan, həm də müəlliflərin fərqinə varmadığı və ya qəsdən yayınmağa çalışdıqları bütün bu ciddi risklər və çətinliklərdən çıxış yolu nədədir?

Təəssüf ki, müəlliflər və Davosa top­laşan elita bu məsələlərin həlli üçün heç bir uyğun resept təklif etmədilər. Yüz sə­hifədən çox hesabatın yekunu cəmi sək­kiz səhifəyə sığır. Bu da özlüyündə nəyi göstərir? Bu gün qlobal elitaların başın­da durduqları sistemin dağılması prose­sinın izahını verəcək cavabı yoxdur.

Bütün bunların əsas səbəbi dünyada etimadın olmamasıdır. Qarşılıqlı inam olmadığı üçün hətta maraqlar belə yaxın­laşmır. Yaxınlaşa da bilməz. Çünki Qərb sivilizasiyasının uğurlu kapitalizmi və ya Cosep Borrellin fikrincə, “yüksək hasarın arxasındakı bağ” Afrika, Latın Amerikası və Asiyanın bir hissəsinin qarət edilməsi yolu ilə qurulmuşdur. 

Hazırladı:
İlqar RÜSTƏMOV
XQ

Dünya