ABŞ Aya ilk kommersiya missiyası həyata keçirib

post-img

Yanvarın 8-də "Boeing" və "Lockheed Martin" şirkətlərinin birgə müəssisəsi olan "United Launch Alliance" (ULA) Amerika korporasiyasının "Vulcan" adlı daşıyıcı raketi kosmosa göndərilib. Bu buraxılış Birləşmiş Ştatlar üçün tarixi hadisə kimi qiymətləndirilir.

Belə ki, "Vulcan"ın buraxılışı 1972-ci ildən bəri ABŞ ərazisindən Ay missiyası çərçivəsində həyata keçirilən ilk buraxılışdır. ULA tərəfindən hazırlanmış raket "Peregrine" eniş aparatını Aya çatdırmalıdır. Hər şey plana uyğun gedərsə, aparat fevralın 23-də Ayın səthinə enməlidir. Orada planlaşdırılan bütün əməliyyatları həyata keçirmək üçün aparata on günə qədər vaxt lazım olacaq.

Bundan başqa, "Peregrine" Aya təkcə NASA elmi avadanlığı deyil, həm də digər müştərilərdən 15 faydalı yük daşıyacaq. Onların arasında, məsələn, orijinal "Star Trek" teleserialının yaradıcısı Cin Roddenberinin, onun həyat yoldaşının və oğlunun, həmçinin serialda rol almış aktyorlar Ceyms Duhan və Nişel Nikolsun külləri, ABŞ-ın keçmiş prezidentlərinin - Con Kennedi, Corc Vaşinqton və Duayt Eyzenhauerin DNT nümunələri də var. 

Nəhayət, "Vulcan" son 20 ildə rus mühərrikləri olmayan ilk ABŞ reaktiv daşıyıcısı oldu. Amerikanın "Atlas" və "Delta" raketlərində istifadə edilən Rusiya RD-180 mühərriki "Blue Origin" BE-4 mühərriki ilə əvəz olundu və bu buraxılış gözləntiləri doğrultdu.

S.ELAY

XQ

Dünya