Britaniya Ukraynanı ayağa qaldırır

post-img

Kiyevlə ilk təhlükəsizlik müqaviləsini London bağlayacaq

Böyük Britaniya Kiyevlə müdafiə sahəsində əməkdaşlıqda aparıcı qüvvə rolunu öz üzərinə götürəcək. ABŞ və Avropa İttifaqı müvafiq olaraq 61 milyard dollar və 50 mil­yard avroluq tərəfdaşlıq maliyyəsi ilə bağlı razılığa gələ bilməsələr də və Ukrayna silahlı qüvvələrinin mümkün məğlubiyyəti ilə bağlı fərziyyələr Qərb mətbuatının səhifələrini doldursa da, Böyük Britaniya Ukrayna ilə ikitərəfli təhlükəsizlik müqaviləsi imzalayan ilk ölkə olmaq qərarına gəlib. Britaniya mətbuatının yazdığına görə, on il müddətinə hərbi yardım nəzərdə tutan saziş yaxın həftələrdə imzalana bilər. London əmindir ki, bu addım Kiyevin ayaqda qalmasına kömək edəcək və müttəfiqlərinə lazımi siqnallar göndərəcək. 

“The Telegraph” qəzeti yazır ki, yaxın həftələrdə Böyük Britaniya Ukrayna ilə on illik təhlükəsizlik zəmanəti müqavilə­si imzalayacaq və belə bir addım atan ilk dövlət olacaq. Kiyev son altı aydır ki, 30-a yaxın ölkə ilə oxşar ikitərəfli sazişlər üzrə danışıqlar aparır. Əvvəlcə müvafiq sənədin imzalanacağı ilk dövlətin ABŞ olacağı, bundan sonra başqalarının da onlardan nümunə götürəcəyi planlaş­dırılırdı. Bununla belə, Vaşinqton indi 2024-cü ildə Kiyevə əlavə maliyyə yardı­mına zəmanət verə bilməz, ona görə də Amerika–Ukrayna hərbi əməkdaşlığının konturları, prinsipcə, böyük sual altında­dır. Belə bir vəziyyətdə Böyük Britaniya Ukraynanın tərəfdaşları arasında boş qa­lan lider yerini – ən azı mənəvi bir yeri tutmağa qərar verib. 

Rusiyaya qarşı “mübarizədə Kiyevə dəstək” məqsədini əks etdirən anlaşma memorandumunun əsasını, ilk növbədə, dəniz əməkdaşlığı təşkil edəcək. Belə­liklə, yeni saziş Ukraynanı minalardan təmizləmək məqsədilə gəmilərlə təmin etmək və dəniz imkanlarını gücləndirmək üçün Böyük Britaniya və Norveçin rəh­bərlik etdiyi “dəniz koalisiyası” yaratmaq səylərinin davamı olacaq. “The Telegrap­h”ın yazdığına görə, Britaniya rəsmiləri “Ukraynanın Qara dənizdəki hərəkətlə­rindən heyran qalıblar” və Böyük Brita­niyanın “hələ də dünyanın ən güclü do­nanmalarından birinə sahib olduğunu” nəzərə alaraq onun bu sahədə müdafiə qabiliyyətini dəstəkləməyə qərar veriblər. 

London əmindir ki, Britaniyanın dəniz­çilik sahəsində “güc və biliyi” Ukrayna do­nanmasının imkanlarını artırmağa kömək edəcək. Kral Hərbi Dəniz Qüvvələri artıq ukraynalı mütəxəssislərə pilotsuz sualtı qayıqlardan istifadə edərək minalardan təmizləmə, dəniz bombalarının, dərin su­larda mina sahələrinin zərərsizləşdirilmə­si, həmçinin amfibiya əməliyyatları üzrə təlimlər keçir. Bundan əlavə, Britaniya artıq Ukraynanı “Brimstone” raketlərinin gəmi əsaslı modifikasiyası ilə təchiz et­məyə başlayıb. Lakin məsələ bununla da bitməyəcək. London Kiyevin hərbi ehtiyaclarını maliyyələşdirmək üçün də öhdəlik götürəcək. Müqavilədə nə qədər vəsaitin göstəriləcəyi hələ məlum deyil. Lakin son iki ildə Böyük Britaniya Ukray­naya nə az, nə çox, düz 2,3 milyard funt sterlinq ayırıb ki, bu da ildə təxminən 3 milyard dollara bərabərdir. 2024-cü ildə bu məbləğin ən azı eyni səviyyədə ola­cağı gözlənilir. Qəzetin Britaniya Müdafiə Nazirliyindəki mənbələri Kiyevə gələcək silah tədarükü ilə bağlı konkret planları açıqlamayıb, lakin əmin ediblər ki, digər silahların sırasına “yer və hava vasitələri” də daxil olacaq. 

“The Telegraph”ın müqavilənin əsas müddəalarından biri kimi qiymətləndirdiyi digər element kəşfiyyat məlumatlarının mübadiləsinin rəsmiləşdirilməsi olacaq. Nəhayət, sənəd həm də “Moskva yeni­dən hücuma qərar verərsə, onun hücu­munu dəf etmək üçün müharibədən son­rakı təhlükəsizlik zəmanətlərini” təsvir edəcək. Bu bənd avtomatik “silah tədarü­künün artırılmasını və sanksiyaların ye­nidən tətbiqini” nəzərdə tutur. Dekabrın 19-da fransalı həmkarı Ketrin Kolonna ilə görüşən Böyük Britaniyanın Xarici işlər naziri Devid Kemeron bildirib ki, London “nə qədər lazımdırsa” Kiyevi dəstəkləyə­cək.

S.ELAY
XQ

Dünya