Britaniya Rusiyaya qarşı sanksiyalara əməl olunmasına nəzarət etmək üçün xidmət yaradacaq

post-img

Böyük Britaniya hökuməti şirkətlərin Rusiyaya qarşı tətbiq edilən məhdudlaşdırıcı tədbirlərə necə əməl etdiyinə nəzarət edəcək bir bölmə olan Ticarət Sanksiyalarının İcrası Ofisi (OTSI) yaradacaq. Bu barədə ölkənin sənaye və iqtisadi təhlükəsizlik naziri Nüsrət Qani bildirib.

Xidmət sanksiyaların mümkün pozuntularını araşdıracaq, cərimələr tətbiq edəcək və zəruri hallarda cinayət işlərini Gəlir və Gömrük İdarəsinə göndərəcək. Onun fəaliyyəti, digər məsələlərlə yanaşı, üçüncü ölkələr vasitəsilə sanksiya tətbiq edilən mallar göndərməklə məhdudiyyətlərdən yayına bilən şirkətlərə qarşı yönələcək.

"Financial Times" ölkənin Rəqəmsal İnkişaf Nazirliyinə istinadən yazır ki, 2023-cü ilin may ayına olan məlumata görə, Britaniyanın 127 şirkəti könüllü olaraq hakimiyyət orqanlarına anti-Rusiya sanksiyalarına əməl etmədikləri barədə məlumat verib. Qəzet qeyd edib ki, könüllü etiraf və istintaqla əməkdaşlığa görə cəza yüngülləşdirilə bilər.

Ukraynada hərbi əməliyyatlar başlayandan bəri London Moskvaya qarşı bir neçə sərt sanksiyalar paketi qəbul edib. Dekabrın əvvəlində təqdim edilən sonuncu raund çərçivəsində Rusiyanın 45 fiziki və hüquqi şəxsi, o cümlədən “Rusiç” təxribat-hücum kəşfiyyat qrupunun (DSRG) liderlərindən biri olan Vojislav Torden kimi tanınan Yan Petrovski də məhdudiyyətlərə məruz qalıb. Eyni zamanda, London Rusiyaya hərbi təchizatla məşğul olan xarici şirkətlərə qarşı tədbirlər görəcəyini vəd edib.

Rusiya hakimiyyəti Qərbin sanksiyalarını qeyri-qanuni və səmərəsiz hesab edir. Prezident Vladimir Putin ölkə iqtisadiyyatının məhdudiyyətlərdən xilas olduğuna inanır. Onun sözlərinə görə, Moskva Qərb məhsullarının bir hissəsini öz istehsalı olan analoqlar və ya “dost ölkələrin” malları ilə əvəz edə bilib.

S.ELAY

XQ

Dünya