Danimarkada “Qurani-Kərim”in yandırılması qadağan edildi

post-img

Müsəlman ölkələrdə İslamın müqəddəs kitabının təhqir olunması ilə bağlı etirazların Danimarkanın təhlükəsizliyinə hədə ola biləcəyinin narahatlıqlara səbəb olmasından sonra Danimarka parlamenti cümə axşamı ictimai yerlərdə “Qurani- Kərim” nüsxələrinin yandırılmasını qadağan edən qanun layihəsini qəbul edib.

Qeyd edək ki, Danimarka və İsveçdə bu il bəzi İslam əleyhdarının “Qurani- Kərim”in nüsxələrini yandırdmaları və ya başqa bir şəkildə zədələmələri etirazlarla qarşılanıb və müsəlmanlarla gərginliyə səbəb olub. Mütərəqqi bəşəriyyət  Skandinaviya hökumətlərindən bu praktikanı qadağan etməyi tələb edib.

Bir çox siyasi təhlilçilər qeyd edirlər ki, Danimarka parlamenti “Qurani-Kərim”in yandırılmasının İslamçıların hücumlarına səbəb olacağı qorxusu fonunda konstitusiya ilə qorunan söz azadlığı, o cümlədən dini tənqid etmək qanunları ilə milli təhlükəsizlik arasında balans yaratmağa çalışıb.

İsveç və Danimarkadakı yerli tənqidçilər iddia edirlər ki, müsəlmanların müqəddəs kitabının yandırılması da daxil olmaqla, dini tənqidlə bağlı hər hansı məhdudiyyətlər guya regiondakı liberal azadlıqları sarsıdır. Lakin Danimarkanın mərkəzçi koalisiya hökuməti yeni qaydaların söz azadlığına bir o qədər də təsiri olmayacağını və dini başqa yollarla tənqid etməyin qanuni olaraq qaldığını iddia edib. Hökumət yeni qanunu pozmağın cərimə və ya iki ilə qədər həbslə cəzalandırılacağını bildirib.

İsveç də “Qurani-Kərim”in təhqirlərini qanuni olaraq məhdudlaşdırmağın yollarını nəzərdən keçirir. Lakin burada Danimarkadan fərqli bir yanaşma tətbiq edilir. İsveç hökuməti ictimai etirazlar üçün müraciətlərlə bağlı qərar qəbul edərkən, polisdən aksiyanın milli təhlükəsizliyə təsir edib-etməyəcəyini araşdırmağı tələb edir. 

M.HACIXANLI 
XQ

 

Dünya