Xavyer Miley Argentina prezidenti seçilib

post-img

“Azadlıq gəlir” partiyasından Xavyer Miley Argentinada keçirilmiş prezident seçkilərinin qalibi olub. Bu, səsvermənin ilkin nəticələrinə əsasən məlum olub. Məlumatı “İnterfaks.ru” verib. 

Ölkənin Milli Seçki Palatasının məlumatına görə, səslərin 94 faizindən çoxu hesablandıqdan sonra Miley seçicilərin 55 faizindən çoxunun (13,78 milyondan çox) dəstəyini qazanıb.

Onun rəqibi, İqtisadiyyat naziri Sergio Massa rəsmi nəticələr elan edilməzdən əvvəl Mileyin qələbəsini tanıyib və zəng edərək onu təbrik etdiyini bildirib.

Yeni prezident dekabrın 10-da vəzifəsinin icrasına başlayacaq və 2027-ci ilin sonuna kimi vəzifəsini icra edəcək.

Prezidentlik kampaniyası zamanı Miley bəyan edib ki, seçiləcəyi təqdirdə misli görünməmiş siyasi və iqtisadi islahatlar aparacaq. Xüsusən də iqtisadiyyatı dollarlaşdıracağına söz verib. O, həmçinin Argentinanın mədəniyyət, təhsil və mədəni müxtəliflik nazirliklərini bağlayaraq, hökumətin subsidiyalarını ləğv etməklə dövlət xərclərini azaldacağını bildirib.

Argentina hazırda çətin iqtisadi vəziyyət yaşayır, ölkədə inflyasiya 143 faizə çatır.

P.ƏMİRCANOV

XQ

Dünya