İlon Mask: Vaxt gələcək, insanların əksəriyyətinin işləməsinə zərurət olmayacaq

post-img

Böyük Britaniyanın Milton-Kins şəhərindəki Bletçli-parkda keçirilən Süni İntellektin Təhlükəsizliyi Sammitindən sonra ölkənin Baş naziri Rişi Sunak və “SpaceX”, “Tesla” şirkətlərinin, eləcə də “X” sosial şəbəkəsinin sahibi İlon Mask Londonun “Lankaster-Haus” sarayında biznes liderlərinin də olduğu auditoriya qarşısında bir saatadək çıxış ediblər.

İlon Mask görüşdə deyib: “Süni intellekt bolluq cəmiyyətinə yol aça bilər ki, burada əksər insanlar üçün işləmək zərurəti aradan qalxacaq. Bizim şərtsiz baza gəliri deyil, ümumi yüksək gəlirimiz olacaq. Hansısa mənada bu, bərabərləşdirmək və tarazlaşdırmaq üsulu olacaq. Çünki mən həqiqətən inanıram ki, sizin arzularınızı həyata keçirə biləcək bu “sehirbaz” hər kəs üçün əlçatan olacaq”.

Robotlar mövzusuna toxunan biznesmen “ağıllı” maşınların zərurət yarandığı halda söndürməyə imkan verən mexanizmlə hazırlanmasının vacibliyini vurğulayıb. “Sizin əla dostunuz olacaq”, - deyən Mask izah edib ki, “uşaqlarından birində tədrislə və dost qazanmaqla bağlı problem var və süni intellektli dost onun üçün daha faydalı olardı”.

Qeyd edək ki, sammitin gedişində 28 ölkə tərəfindən Bletçli bəyannaməsi qəbul olunub. Sənəddə ABŞ, Çin, Aİ ölkələri, Latın Amerikası, Yaxın Şərq və Asiya ölkələrinin təmsilçiləri süni intellektin yaratdığı risklərin öyrənilməsi üzrə beynəlxalq səyləri alqışlayır, süni intellektdən istifadə olunan texnologiyaların təhlükəsiz və məsuliyyətli şəkildə işlənib hazırlanmasına və tətbiqinə çağırır.

Dünya