"Türkiyə-Fələstin Dostluq Xəstəxanasının xidmətini davam etdirməsi üçün tədbirlər görüləcək"

post-img

Türkiyənin Səhiyyə naziri Fahrettin Koca Türkiyə-Fələstin Dostluq Xəstəxanasının xidmətini davam etdirməsi üçün tədbirlər görüləcəyini bildirib.

Nazir Koca sosial media hesabından etdiyi paylaşımda Türkiyənin Qəzzada tikdirdiyi Qəzza Türkiye-Fələstin Dostluq Xəstəxanasının ətrafının dünən yerli vaxtla saat 23:00 radələrində güclü bombardmana məruz qaldığını bildirib: "Ətrafı intensiv bombardman altında olan bu xəstəxana Qəzzada yeganə xərçəng xəstəxanasıdır. Xəstələrin indi başqa çarəsi yoxdur. Ölüm yatağında olan bu xərçəng xəstələrinin dərmanları bitib. Məlumdur ki, personalın xəstəxanaya gedib-gəlməsi mümkün deyil və xəstələri xəstəxanaya daşımaq üçün təcili yardım maşınları yoxdur.

Ölkəmizin Qəzzada qurduğu xərçəng xəstəxanasının xidmətini davam etdirməsi üçün tədbirlər görüləcəyi şübhə doğurmamalıdır. Hərəkət edən hər şeyi, hətta xəstəxananın ətrafını bombalayanlar, insan vicdanı qarşısında buna görə cavab verməyə hazırlaşmalıdırlar."

Qeyd edək ki, Fələstinin WAFA xəbər agentliyi Qəzzadakı Türkiyə-Fələstin Dostluq Xəstəxanasının İsrailin bombardmanlarının hədəfi olduğunu açıqlayıb.

"Həmas"ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib.

Buna cavab olaraq İsrail ordusu döyüş təyyarələri ilə Qəzza zolağına qarşı "Dəmir qılınclar" əməliyyatına başlayıb.

Artan gərginlikdə hər iki tərəfdən minlərlə itki var.

 

Anar ƏLİ,

XQ

Dünya