Türkiyə özünün 100 illik yubileyini qeyd etməyə hazırlaşır

post-img

Bu il oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Bu əlamətdar gün münasibətilə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya şöbəsi tərəfindən bir sıra irimiqyaslı tədbirlər nəzərdə tutulub. Bu barədə idarənin rəhbəri Fəxrəddin Altun məlumat verib. Xəbəri “Anadolu” yayıb. 

Tədbirlər çərçivəsində respublikanın 100 il ərzində əldə etdiyi nailiyyətləri əks etdirən rəqəmsal sərgilər və 3D şoular təşkil olunacaq.

Oktyabrın 29-da İstanbul boğazında pilotsuz uçuş aparatları ilə vizual şou və atəşfəşanlıq keçiriləcək. Müxtəlif tarixi yerlərdə xüsusi işıq şouları təşkil olunacaq, Türkiyənin dövlət himni səsləndiriləcək.

İstanbulun Üsküdar meydanında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə Rəqəmsal Təcrübə Sərgisi baş tutacaq. Burada Prezident Ərdoğanın rəhbərliyi altında son iyirmi ildə “xəyallardan reallığa çevrilmiş” layihələr təqdim ediləcək. Sərgidə ən son rəqəmsal texnologiyalardan istifadə edilməklə 360 guşə nümayiş olunacaq.

“Türk xalqı başını dik tutaraq bir çox çətinlikləri, böyük maneələri dəf edərək cümhuriyyətimizi 100 illik yubileyinə çatdırıb. İndi Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyənin 100 illik yubileyində ölkəmizi bütün sahələrdə yüksək liqalara çıxarmaq üçün əlimizdən gələni edəcəyik”, - deyə Fəxrəddin Altun bildirib.

P.ƏMİRCANOV
XQ

Dünya