Rusiya və Çin arasında enerji əməkdaşlığı daha fəal və çoxşaxəli xarakter alır. Bu barədə oktyabrın 19-da Rusiya Prezidenti Vladimir Putin məlumat verib. Xəbəri “İzvestiya.ru” yayıb.
“Rusiya Federasiyası ilə Çin Xalq Respublikası arasında hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı əlaqələr çox yüksək səviyyəyə çatıb və dinamik inkişaf etməkdə davam edir. Bu əlaqələrin əsas tərkib hissələrindən biri getdikcə fəallaşan və çoxşaxəli xarakter alan enerji əməkdaşlığıdır”, - deyə dövlət başçısı V Rusiya-Çin Enerji Biznes Forumunun iştirakçılarına teleqramında bildirib.
Putin qeyd edib ki, iki ölkənin neft-qaz sektorunda, eləcə də dinc nüvə enerjisi sahəsində layihələri ardıcıl şəkildə həyata keçirilir. O qeyd edib ki, bunun sayəsində Rusiya Federasiyasından Çinə enerji nəqlinin həcmi artır.
"Biz xammalın hasilatı, emalı və daşınması proseslərinin səmərəliliyinin artırılmasına, habelə onların ekoloji təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş texnoloji yenilikləri birgə inkişaf etdiririk", - Rusiya lideri qeyd edib.
P.ƏMİRCANOV
XQ